ABŞ-yə Ukraynanın təbii resurslarına çıxış verən saziş - müqavilə üçün texniki çərçivədir və hüquqi baxımdan məcburi kontrakt deyil - ABŞ prezidenti Donald Tramp tərəfindən "çox böyük bir müqavilə" kimi qiymətləndirilir. Prezident Tramp çıxışlarında vurğulayıb ki, bu razılaşma ilə o, Vaşinqtonun Ukraynaya verdiyi milyardlarla dollarlıq silah və yardımın bir hissəsini geri qaytaracaq.
Sənədləri imzalamaq üçün bu gün - fevralın 28-də Vaşinqtonda olması planlaşdırılan Ukrayna prezidenti Volodimir Zelenski isə bunu "çərçivə razılaşması" kimi qiymətləndirib. Ukrayna prezidentinin sözlərinə görə, bu razılaşma ABŞ-nin Ukraynanın mübarizəsinə dəstəyini təmin edəcək.
Fevralın 26-da keçirdiyi mətbuat konfransında Zelenski deyib: "Bu razılaşma böyük bir uğur da ola bilər və ya sakitcə unudula da bilər. Böyük uğur bizim prezident Tramp ilə söhbətimizdən asılıdır. Amerikanın yardımının dayandırılmaması mənim üçün və bütün dünya üçün vacibdir".
17 maddədən ibarət sənəd ABŞ-nin maliyyə naziri Skott Bessent və Ukrayna baş nazirinin birinci müavini Yuliya Sviridenko tərəfindən imzalanıb. Sənəd Ukraynanın yeraltı sərvətlərindən əldə ediləcək gəlirlərlə maliyyələşdiriləcək birgə fondun yaradılmasını nəzərdə tutur.
Lakin ekspertlər bildirir ki, bu razılaşma fondun faktiki hüquqi təsis edilməsi deyil, sadəcə onun yaradılması niyyətini ifadə edir. Bunun nə vaxt baş verəcəyi hələ dəqiq bilinmir. Bu isə o deməkdir ki, fondun real şəkildə necə formalaşacağı ilə bağlı hələ kifayət qədər dəyişiklik imkanı mövcuddur.
Sənəddə qeyd olunur ki, fonddan gələn pullar Ukrayna daxilindəki layihələrə yönəldiləcək. Bu da onu əvvəlki layihələrdən fərqləndirir, çünki ilkin versiyalarda vəsaitin ABŞ silahları və yardımlarının ödənilməsinə yönəldiləcəyi qeyd olunmuşdu, lakin Zelenski buna etiraz etmişdi.
Filadelfiyada yerləşən Xarici Siyasət Araşdırmaları İnstitutunun siyasi risk analitiki Maksimilian Hess deyib ki, "Ukraynanın müharibədə olduğunu və yaxın gələcəkdə də bu vəziyyətdən çıxmayacağı nəzərə alınarsa, bu razılaşma iqtisadi məna kəsb etmək üçün çox qeyri-müəyyəndir".
"Lakin əgər bu, Trampa istədiyi zəfəri qazandırır və Ukraynaya dəstəyin davam etməsini təmin edirsə, o zaman bu, Ukrayna üçün çox yaxşı bir razılaşmadır", –o, AzadlıqRadiosuna bildirib.
Kiyevdəki Yeni Geosiyasi Araşdırmalar Şəbəkəsinin rəhbəri Mixaylo Samus isə ən vacib məsələnin yekun razılaşma olduğunu qeyd edib. Onun sözlərinə görə, eyni zamanda, həm Tramp, həm də Zelenski bunu bir qələbə kimi təqdim edə bilər: "Ukrayna tərəfdən bu, Tramp administrasiyası ilə olan bu qarşıdurmanı dayandırmağa cəhd etməkdir. Tramp isə nəticə əldə etdiyini göstərmək istəyir. Bu, Trampın "bizim vergiödəyicilərimiz üçün kompensasiyamız var" deməsidir. Bu, Amerikanın seçicilərinə "görürsünüz, biz başqa bir qələbə əldə etdik" demək cəhdidir".
"Saziş neokolonial və ya imperiya xarakterli deyil"
Zelenskinin Tramp ilə münasibətlərinin gərgin tarixi var və bu, Trampın 2019-cu ildə ABŞ qanunvericiləri tərəfindən ilk dəfə impiçmentə məruz qaldığı dövrə gedib çıxır (sonradan o, Senat tərəfindən bəraət qazandı).
Tramp ikinci dəfə prezidentliyə qayıdandan bəri Ukrayna lideri keçmişin hekayəsinin hazırkı silah tədarükünə mane olmaması üçün çox çalışıb. Tramp Zelenskini təhqir edib, onu "diktator" adlandırıb, yanlış olaraq Ukraynanın müharibəni başladığını iddia edib və mümkün qədər tez yeni prezident seçkiləri keçirilməsini tələb edib.
Burada Ukraynanın mineralları – həm nadir yeraltı minerallar, həm də litium və titan kimi digər qiymətli metallar önə çıxır. Nadir yeraltı minerallar müdafiə texnologiyalarında, eləcə də batareyalar, kompüterlər və mobil telefonlar kimi əşyaların istehsalında çox dəyərlidir. Litium həmçinin batareyaların əsas tərkib hissəsidir; titan isə təyyarə istehsalı da daxil olmaqla bir çox sahədə istifadə olunur.
Tramp administrasiyasının rəsmiləri ABŞ-ni Çinlə bu qiymətli minerallara çıxış üçün rəqabət aparan bir güc olaraq görür. Ona görə də onları tədarükünü təmin etməyə üstünlük verirlər. Qrenlandiyanın ABŞ üçün prioritetə çevrilməsinin səbəblərindən biri də budur.
Ukraynanın əslində nə qədər nadir və qiymətli mineral sərvətə sahib olduğu barədə bəzi suallar var. Ukraynanın Geologiya Xidməti ölkənin nadir yeraltı minerallar və digər qiymətli minerallar baxımından əhəmiyyətli ehtiyatlara sahib olduğunu bildirir; amma bu ehtiyatların böyük bir hissəsi Rusiyanın nəzarətində olan ərazilərdə yerləşir.
Ancaq ABŞ Geologiya Xidməti bu ehtiyatların şişirdildiyini irəli sürür. "S&P Global" tərəfindən hazırlanmış araşdırma hesabatı da Ukrayna tərəfindən təqdim edilən qiymətləndirmələrə şübhə ilə yanaşır, çünki bu qiymətləndirmələr onilliklər əvvəl aparılmış araşdırmalara əsaslanır.
"İqtisadi baxımdan, bu, xarici kapital çəkmək üçün əsaslı bir fürsətdir – hər il bir neçə milyard dollar yenidən investisiya gətirə bilər", –Kiyev İqtisadiyyat Məktəbinin iqtisadçısı Natalya Şapoval X-də paylaşdığı bir yazıda bildirib. "Siyasi baxımdan isə bu, bir riskli girişimdir: Zelenski administrasiyası daha dərin iqtisadi əlaqələrin, nəhayət, daha yaxşı təhlükəsizlik öhdəlikləri gətirəcəyinə ümid edir. Hazırda isə, mən deyərdim ki, Ukrayna ehtiyatlı bir optimizm ilə irəliləyir".
Çex hökumətinin Ukraynanın bərpası üzrə səlahiyyətli rəsmisi Tomaş Kopeçni bunu "hər iki ölkə üçün diplomatik danışıqların uğuru" adlandırıb.
"Razılaşmanın özünü məqbul və ədalətli hesab edirəm, o, neokolonial və ya imperiya xarakterli deyil", –çexiyalı rəsmi AzadlıqRadiosuna bildirib. "Razılaşma özü, əsasən, yalnız kağız üzərində deyil, həm də konkret maliyyə və investisiya sxemləri vasitəsilə Amerika şirkətlərini, Amerika biznesini və Amerika hökumətini Ukraynanın bərpası ilə maraqlandırmağın bir yolu olacaq".
Təhlükəsizlik zəmanəti yoxdur
1994-cü ildəki uğursuz Budapeşt Memorandumunu xatırlayan Zelenski hökuməti uzun müddətdir gələcəkdəki hər hansı bir Rusiya təcavüzünü önləmək üçün təhlükəsizlik zəmanətlərinin vacibliyini vurğulayır. Lakin Vaşinqtonun Ukraynanın müdafiəsinə və ya təhlükəsizliyinə dair hər hansı bir öhdəlik Tramp administrasiyası üçün məqbul məsələ kimi görünmür.
Bununla belə, bir ekspertin "diplomatik bir şah əsər" olaraq qiymətləndirdiyi sənəddə əslində bir təhlükəsizlik maddəsi qeyd olunur – "ABŞ hökuməti Ukraynanın davamlı sülhü təmin etmək üçün lazım olan təhlükəsizlik zəmanətlərini əldə etmək səylərini dəstəkləyir". Lakin bu, Vaşinqtonu heç bir öhdəliyə cəlb etmir. Əvvəlki layihələrdə bu maddə yer almamışdı.
Tramp fevralın 25-də Ağ evdə jurnalistlərə bildirib ki, bu razılaşma Ukraynaya "hərbi avadanlıq və döyüşə davam etmək hüququ, həmçinin ilkin olaraq döyüşmək hüququ" verir. Lakin bir gün sonra Kabinet üzvləri ilə keçirilən görüşdə, o, ABŞ-ın təhlükəsizlik zəmanətləri verməyəcəyi məsələsindəki israrını təkrarlayıb. "Çox da öhdəlik götürməyəcəyəm" bildirən Tramp "bunu Avropaya həvalə edəcəyik", - deyə əlavə edib.
"Ümid edirəm və dua edirəm ki, bu, Trampın "bəli, indi Ukraynanı kömək edəcəyik" deməsi üçün lazım olan pərdəarxası bəzəyi olacaq", –Vaşinqtondakı Atlantik Şurasının eksperti, bir zamanlar Rusiyada enerji və mədən şirkətlərində işləyən və Ukraynada investisiyaları araşdıran Ed Verona bildirib.
"Zelenski daha əvvəl təqdim olunan ilk iki layihədən daha yaxşı bir razılaşma əldə etməyi bacarıb. Ona görə də, o, Vaşinqtona getməyə, imzalamağa və "yaxşı, əla" deməyə istəklidir", –Verona AzadlıqRadiosuna bildirib. "Və o ümid edir ki, bəlkə, bu, Donald Trampı sakitləşdirər. Tramp isə deyə biləcək: "Görün, nə əldə etdim. Onlar bu razılaşmanı imzaladılar. Bu, Amerika üçün yaxşıdır".
Məqalə AzadlıqRadiosunun baş beynəlxalq müxbiri Mayk Ekkel tərəfindən hazırlanıb.