2000-ci illərdə, prezident Corc Uoker Buş administrasiyası dönəmində Ağ evin Rusiya üzrə müşaviri Tomas Qrem Moskvaya səfərindən bir neçə gün sonra verdiyi müsahibədə deyib ki, indiki ABŞ administrasiyasının Ukrayna münaqişəsinə son qoymaq üçün qısa zamanda atəşkəs əldə edilməsinə dair hər hansı ümidləri yanlış yönləndirmədən qaynaqlanır.
"Düşünürəm ki, indi rusların maksimum üstünlüyü var. Onlar döyüş meydanında irəliləyirlər. Məncə, hazırda onların mövqeyində …əminlik var və bu baxımdan geri çəkilmələri üçün hər hansı aşkar səbəb yoxdur", - Qrem fevralın 24-də verdiyi müsahibədə belə deyib və davamında söyləyib: "Mən demirəm, ruslar heç çevik deyillər, di gəl, indi Kremldə olsaydım və danışıqlara getsəydim, çeviklik siqnalı verməzdim. Məncə, onlar da vermirlər".
Qrem Rusiyanı düzgün anlatmaq istəyir
Qrem fevralın 18-də Ər-Riyadda ABŞ-Rusiya görüşünün keçirilməsindən cəmi bir neçə gün öncə Moskvaya qeyri-rəsmi səfər edib.
ABŞ-nin Moskvadakı səfirliyinin keçmiş müşaviri və Dövlət Departamentinin Rusiya üzrə eksperti olmuş Qrem 2000-ci illərdə Ağ evin Milli Güvənlik Şurasının direktoru vəzifəsində çalışıb. Ardınca 10 ildən çox siyasi məsləhət şirkətinin direktoru olub. Bu şirkətin təməlini Henri Kissincer qoyub.
ABŞ-nin tanınmış və ziddiyyətli keçmiş dövlət katibi Kissincer prezident Vladimir Putinlə görüşmək üçün Moskvaya tez-tez səfərlər edib.
Bu yaxınlarda "Getting Russia Right" (Rusiyanı düzgün anlamaq) adlı kitabı çıxan Qrem Moskvada keçirdiyi görüşlərin təfərrüatlarından danışmaq istəməyib. "Mən son 35 ildə Moskvada şəbəkə formalaşdırmışam və onu qoruyub saxlayıram", - sualı belə cavablayıb.
"Moskvadakı adamlar ABŞ-nin Rusiya ilə yenidən danışmağa hazır olması faktını alqışlayırlar. Ancaq düşünürəm ki, onların bundan nə çıxacağına dair çox böyük gözləntiləri yoxdur. ABŞ ilə Rusiya arasında təkcə Ukrayna deyil, bir çox məsələylə bağlı böyük fikir ayrılıqları var", - yenə onun sözləridir.
Səfirliklər boş qalıb
Fevralın 18-də Ər-Riyadda ABŞ dövlət katibi Marko Rubio, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və başqa yüksəksəviyyəli rəsmilərin qatıldığı görüşdə Moskva və Vaşinqtondakı səfirliklərin heyətini yeniləmək barədə razılığa gəlinib. Əməkdaşlar, əsasən, casusluq, təxribat və seçkilərə müdaxilə ittihamları ilə xaric edildiyindən hər iki ölkənin səfirlikləri, demək olar, boş qalıb.
Nümayəndə heyətləri Ukraynada üç il sürən savaşın sonlandırılması üçün atəşkəs, yaxud potensial sülh razılaşmasının əldə edilməsi istiqamətində danışıqlara başlamaq məqsədilə işçi qrupun yaradılması haqda razılığa gəlib.
ABŞ və Rusiya rəsmilərinin Ukrayna tərəfinin iştirakı olmadan üzbəüz görüşməsi faktı Kiyevdə və bir çox Avropa paytaxtında həyəcan təbilinin çalınmasına yol açıb. Onlar Kiyevin güvənlik maraqlarının Rusiya tələblərinə qurban veriləcəyindən rahatsızdırlar.
Hələ Rusiyanın hücuma başlamasından öncə Putin və digər Kreml rəsmiləri Ukrayna xalqının seçdiyi hökumətin legitimliyini və hətta müstəqil Ukrayna dövlətinin varlığını sorğulayırdılar. Son günlər Avropa liderləri "Ukraynasız Ukrayna haqda heç nə danışıla bilməz" mesajını verir və Kiyevi dəstəkləməyə davam edirlər.
"Məncə, ukraynalılar Ər-Riyadda olmamaları faktını miqyasca şişirdirlər, axı onlar orada cismən masa arxasında deyildilər. Mənim fikrimcə, danışıqların mahiyyətini nəzərə alsaq, onların orada olmalı olmasını gözləməyə heç bir səbəb yoxdur. Ancaq onlar bu münaqişənin necə bitəcəyinə dair müzakirələrdən kənarda saxlanmayıblar. …Onlar bütün səviyyələrdə Tramp administrasiyası ilə kontaktı saxlayıblar", - Qremin sözləridir.
Rusiyanın "maksimalist" mövqeyi Kremlin fevralın 12-dəki telefon danışığının mətnində istifadə edilən "səbəblər" ifadəsində də qismən əksini tapıb. Rusiyanı yaxından izləyənlər bilirlər ki, bu ifadə Kremlin 1990-cı və 2000-ci illərdə NATO-nun Şərqi Avropaya doğru genişlənməsinin qızışdırıcı olması və bunun hücuma yol açdığına dair ritorikasını əks etdirir.
"Bunlar narahatedici məsələlərdir"
"Bildiyimiz kimi, Ukrayna məsələsi lap başlanğıcdan yalnız Ukrayna ilə bağlı olmayıb, Soyuq savaş sonrası düzənlə bağlı olub. Rusların fikrincə, bu düzən strateji baxımdan zəif olduqları dövrdə onlara sırınıb və onlar onun bəlli elementlərinin yenidən gözdən keçirilməsini istəyirlər", - Qremin söylədiklərindən bir başqa sitatdır.
Qrem deyir ki, Rusiya tərəfində Tramp administrasiyasının bunu tam anlamasına dair şübhə var. "Ukraynalılarda da buna bənzər hiss var… Əgər Tramp administrasiyası hamını atəşkəsə gətirə biləcəyini düşünürsə, …məncə, özünü aldadır. Ruslar təkcə atəşkəsdə maraqlı deyillər. Onlar daha geniş müzakirə toplusu istəyirlər", - yenə onun sözləridir.
Rusiyanın NATO-nu münaqişənin səbəblərindən biri kimi, qismən də olsa, suçlaması ABŞ və başqa yerlərdə bəzi rəsmilərin ritorikasında da əksini tapmağa başlayıb. Bu yaxınlarda Rusiyaya səfər edən, Ər-Riyadda ABŞ nümayəndə heyətinin tərkibində olan Yaxın Şərq üzrə nümayəndə Stiv Uitkoff fevralın 23-də CNN-ə verdiyi açıqlamada deyib ki, Rusiya heç də ittiham edilməməlidir.
"Savaş başlanmamalıydı – bu bir təhrik idi. Bu hələ o demək deyil ki, təhrikçi tərəf ruslar olub", - Uitkoffun sözləridir.
Fevralın 24-də isə BMT-nin üç qətnaməsinə dair səsvermədə Rusiyanı suçlamaqdan boyun qaçıran ABŞ bu məsələdə avropalı müttəfiqləriylə yollarını ayırıb.
"Bunlar narahatedici məsələlərdir. Bu, Tramp administrasiyasının, əslində, sözügedən münaqişənin mahiyyəti haqda nə anlamasına və nəyə nail olmaq istəməsinə dair suallar doğurur… Rusiyanın təhrik edilməsinə dair arqument, sadəcə, Kremlin arqumenti deyil. Qərbdə və ABŞ-də bu arqumenti səsləndirən adamlar var. Mən bu arqumentlərə inanmıram", - Qremin sözləridir.
Rusiya qüvvələri hazırda Ukrayna ərazisinin 20 faizinə qədərinə nəzarət edir. Kreml Ukraynanın dörd bölgəsinin - Luqansk, Donetsk, Zaporojye və Xersonun ilhaqını elan edib. Üstəlik, həmin bölgələrin hələ Ukrayna nəzarətindəki hissələri də ilhaqa daxildir.
Gündəmdəki ən çətin məsələ
"Gündəmdəki ən çətin məsələ Ukraynanın fiziki olaraq Moskvanın nəzarətində olmayan ərazilərinin statusu məsələsidir. Moskva açıq-aydın Ukraynanın Rusiyanın orbitində olmasını istəyir və idealda onlar Ukraynada təxminən Belarusla münasibətlərinə bənzər durum yaranmasını istərdilər", - yenə Qremin dediklərindəndir. Ardınca o, sözünə belə davam edir: "ABŞ, ən azı, yaxın vaxtlaradək müstəqil və suveren Ukraynanın qorunub saxlanmasında maraqlı olduğunu və bunun … Ukraynanın Qərb istiqamətində hərəkət etməsi demək olduğunu iddia edərdi. Bunlarsa Ukraynanın gələcəyinə dair iki çox fərqli baxışdır".
"Məsələ bu iki baxışı necə barışdırmağın yolunu tapmaqdır", - Qrem fikrini belə yekunlaşdırır.