Rusiya xarici işlər naziri Sergey Lavrov heç kimin onlardan Ukraynada sülhməramlı qüvvələrin yerləşdirilməsinin mümkünlüyünü soruşmadığını deyib. Lavrov bu barədə Dohada keçirilən mətbuat konfransında danışıb.
"Biz bununla bağlı heç bir variantı nəzərdən keçirə bilmərik", - o, bu məsələyə aid suala cavab verib.
O vurğulayıb ki, ABŞ prezidenti Donald Tramp sülhməramlı qüvvələrin yerləşdirilməsi ilə bağlı qərarın yalnız hər iki tərəfin razılığı ilə mümkün olduğunu deyib. "Görünür, bizi və Ukraynanı nəzərdə tutur. Bizdən heç kim bu barədə soruşmur. Avropalıların, ilk növbədə Fransanın, həmçinin ingilislərin sırıdığı bu yanaşma... münaqişənin daha da qızışmasına, onu sakitləşdirmək cəhdlərinin qarşısını almağa yönəlib", – Lavrov bildirib.
24 fevral
Tramp deyir ki, Putin Avropa sülhməramlılarını qəbul etməyə hazırdır
Ağ evdə görüşən Fransa prezidenti Emmanuel Makron və ABŞ prezidenti Donald Tramp Ukraynaya sülhməramlıların göndərilməsi ideyasında irəliləyiş olduğunu bildiriblər.
ABŞ prezidenti Tramp deyib ki, Rusiya prezidenti Vladimir Putin Ukraynada sülhməramlıların yerləşdirilməsini qəbul edir.
Jurnalistin müvafiq məsələ ilə bağlı sualına "Mən xüsusilə bu sualı ondan (Putindən) soruşmuşam. Onun bununla (sülhməramlıların yerləşdirilməsi) bağlı problemi yoxdur", - deyə Tramp cavab verib.
Tramp deyib ki, onun komandası rusiyalılarla mümkün ABŞ-Rusiya biznes sövdələşmələri barədə "davamlı" şəkildə danışır.
Bu, ABŞ siyasətində gözlənilməz bir dəyişikliyi təmsil edir. Əvvəlki Bayden administrasiyası Rusiyanı siyasi və iqtisadi cəhətdən təcrid etməyə çalışaraq Ukraynaya müdaxiləsindən sonra ölkə ilə əlaqələri kəsməyə və genişmiqyaslı sanksiyalar tətbiq etməyə yönəlmişdi.
"Mənim administrasiyam açıq şəkildə əvvəlki administrasiyanın və keçmişin xarici siyasət dəyərlərindən qəti şəkildə uzaqlaşır", - Tramp bildirib.
ABŞ dövlət başçısı fransalı həmkarı ilə mətbuat qarşısında danışarkən deyib ki, Vaşinqton və Kiyev Ukraynanın mineral resursları ilə bağlı razılaşma imzalamağa yaxındır.
"Bu razılaşma imzalandıqdan sonra Rusiya öz işinə qayıdacaq, Ukrayna və Avropa öz yoluna davam edəcək. Hər şey çox yaxşı olacaq", – Tramp qeyd edib.
ABŞ dövlət başçısı onu da əlavə edib ki, nadir mineral ehtiyatları ilə bağlı razılaşmanın imzalanması üçün Ukrayna prezidenti Volodimir Zelenskinin növbəti iki həftə ərzində Ağ evə gəlməsi gözlənilir.
"Gələcək həftələrdə"
Fransa prezidenti Emmanuel Makron isə görüşdən sonra birgə mətbuat konfransında bildirib ki, Avropa ölkələri Ukraynaya təhlükəsizlik təminatları verməyə "hazır və istəklidir" və "bu, bəlkə də, qoşunların göndərilməsini əhatə edə bilər".
Prezident Makron deyib ki, Ukraynaya göndəriləcək istənilən Avropa qüvvələri "sülhü qorumaq" məqsədi daşıyacaq və cəbhə xəttində yerləşdirilməyəcək, həmçinin münaqişənin bir hissəsinə çevrilməyəcək.
Müharibənin çox böyük maliyyə vəsaiti tələb etdiyini bildirən Makron "bunun məsuliyyəti Rusiyanın üzərindədir, çünki təcavüzkar Rusiyadır" deyə vurğulayıb. Bu bəyanat Trampın ötən həftə Ukraynanın müharibəni başlatdığını iddia etdiyi açıqlaması ilə ziddiyyət təşkil edib.
Fransa prezidenti Ağ evdə prezident Trampla görüşündən sonra ABŞ-nin "Fox News" telekanalına müsahibəsində Ukrayna ilə Rusiya arasında atəşkəsin "gələcək həftələrdə" razılaşdırıla biləcəyini söyləyib. Lakin o, eyni zamanda vurğulayıb ki, sülh Ukraynanın "təslim olması" demək deyil.
Tramp da Makrondan əvvəl bu fikri səsləndirib. "Düşünürəm ki, əgər ağıllı olsaq, həftələr ərzində bunu bitirə bilərik. Ağıllı olmasaq, o, davam edəcək", - o, Makronu Ağ evdə qarşıladıqdan sonra onunla yanaşı media qarşısında danışarkən bildirib.
Makron qeyd edib ki, razılaşma əldə olunacağı təqdirdə o, Britaniyanın baş naziri Kir Starmerlə Ukraynaya sülhməramlı qüvvələrin göndərilməsi təklifi üzərində işləyəcək. Britaniyanın baş nazirinin də fevralın 27-də Vaşinqtona səfəri gözlənilir.
"Prezident Tramp ilə danışdıqdan sonra mən tam əmin oldum ki, irəliyə doğru yol var", – Makron deyib.
Makronun Vaşinqtona səfəri Rusiyanın genişmiqyaslı işğal müharibəsinin üçüncü ildönümünə təsadüf edir.