Fransa ilə Böyük Britaniya Rusiya və Ukrayna arasında quru döyüşləri əhatə etməyəcək biraylıq qismən atəşkəs təklif edir. Martın 2-də Londonda baş tutan müdafiə sammitindən geri dönən Fransa prezidenti Emmanuel Makron təyyarədə "Le Figaro" nəşrinə müsahibəsində bu barədə danışıb.
Makronun sözlərinə görə, Paris və London "havada, dənizdə və enerji infrastrukturlarında" tətbiq olunacaq bir aylıq atəşkəs təklif edir.
Makrondan əvvəl martın 2-də Britaniya baş naziri Kir Starmer bildirib ki, müharibəni sonlandırmaq üçün Fransa və onun ölkəsi plan üzərində işləyir.
Fransa dövlət başçısı "Le Figaro"ya müsahibəsində deyib ki, belə bir atəşkəsin üstünlüyü ondan ibarətdir ki, "biz onu necə ölçəcəyimizi bilirik", cəbhə isə böyükdür, "Paris-Budapeşt xəttinə bərabərdir". Onun sözlərinə görə, bu səbəbdən hərbi əməliyyatların dayandırılması əvvəlcə quru döyüşlərinə aid olmayacaq, çünki "atəşkəs olarsa, cəbhə xəttində ona əməl olunduğunu yoxlamaq çox çətin olacaq".
E.Makron Fransa-Britaniya planına da aydınlıq gətirib. O qeyd edib ki, əsgərlər (sülhməramlılar) yalnız ikinci mərhələdə Ukrayna ərazisində yerləşdiriləcək.
"Putini yoxlamağın yolu"
"Sual odur ki, bu vaxtı necə istifadə edək ki, əldə oluna bilən bir atəşkəs üçün danışıqlar aparaq. Bu da bir neçə həftə çəkəcək və sonra sülh imzalandıqdan sonra yerləşdirmə olacaq. Biz sülh istəyirik. Lakin bunun üçün hər hansı bədəl olmamalıdır və təhülkəsizlik zəmanətləri olmadan mümkün deyil", - Makron deyib.
Bununla belə, o, əmin edib ki, "yaxın həftələrdə Ukrayna torpaqlarında Avropa qoşunları olmayacaq".
Jan-Noel Barro
Fransanın xarici işlər naziri Jan-Noel Barro martın 3-də "France Inter"ə açıqlamasında bir aylıq qismən atəşkəs təklifini "ilkin şərt” kimi xarakterizə edib. "Bu, Vladimir Putinin xoş niyyətinin olub-olmadığını təsdiq edəcək... Bu, Rusiyanın, həqiqətən də, bu müharibəyə son qoymağa hazır olduğunu yoxlamağın bir yoludur", - fransalı nazir əlavə edib.
Nazirin sözlərinə görə, Avropa İttifaqında müharibə riski heç vaxt bu qədər yüksək olmayıb: "Cəbhə xətti 15 ildir ki, bizə yaxınlaşır".
Makron: Müdafiə xərcləri artırılmalıdır
Fransa dövlət başçısı ölkəsinin və digər Avropa ölkələrinin müdafiə xərclərini artırmalı olduğunu da vurğulayıb. O, "Le Figaro"ya deyib ki, bu xərclər, ümumi daxili məhsulun 3- 3.5 faizi qədər ola bilər. "Son üç il ərzində ruslar ÜDM-in 10 faizini müdafiəyə xərcləyirlər. Biz ÜDM-in 3-3.5 faizini hədəfləyərək bundan sonra baş verəcəkləri hazırlamalıyıq".
Hazırda Fransa hər il ÜDM-in 2.1 faizini ordusuna xərcləyir - bu, NATO-nun 2 faizlik hədəfini cüzi üstələyir.
Makronun sözlərinə görə, Avropa Komissiyası da müdafiə xərclərinin maliyyələşdirilməsində daha innovativ olmalıdır: "Biz Komissiyaya innovativ maliyyələşdirmədən istifadə etmək üçün mandat verməliyik. Bu, ya ümumi borc götürmə, ya da Avropa Sabitlik Mexanizmi əsasında olmalıdır... İnvestisiya edə bilmək üçün ilk növbədə 200 milyard avroya ehtiyacımız var", - Makron əlavə edib.
Xatırlatma
2022-ci il fevralın 24-də Rusiya Ukraynaya yenidən təcavüzə başlayıb. Doqquz il əvvəl də Rusiya Ukraynanın bir hissəsini-Krımı tutmuşdu. Onda Rusiyaya sanksiyalar tətbiq edilməyə başlanmışdı. Yeni müharibədən sonra Qərb və dünyanın bir sıra ölkələri Rusiyaya sanksiyaları genişləndirib.
"The Wall Street Journal" nəşrinin mənbələrinin məlumatına görə, ikinci prezidentliyinin başlanğıcında D.Tramp Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloqa müharibəyə 100 gün ərzində son qoymağı tapşırıb.