Fazil Qasımova 10 il həbs cəzası istənildi

Fazil Qasımov

İstanbul Universitetinin doktorantı, ilyarımdır Azərbaycanda həbsdə olan Fazil Qasımova prokuror 10 il cəza verilməsini istəyib. Fevralın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində dövlət ittihamçısı bu təkliflə çıxış edib.

Prokuror iddia edib ki, F.Qasımova Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma, mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsiylə verilən ittiham məhkəmədə sübut olunub.

Cinayət işinin materiallarında iddia olunur ki, o, 2023-cü ilin iyununda İstanbulda iqtisadçı Qubad İbadoğlu ilə görüşüb, ona da saxta yüzlük dollarlar verib. Q.İbadoğlu da həmin saxta əskinasları Bakıya gətirib, bir hissəsini Anar Əliyev adlı şəxsə verib.

A.Əliyev də F.Qasımovla birlikdə mühakimə olunur. Ona saxta puldan əlavə, həm də qanunsuz silah saxlama ittihamı verilib. Prokuror bu iki ittihamla ona 5 il həbs cəzası verilməsini təklif edib. Dövlət ittihamçısı iddia edib ki, A.Əliyevin istintaqla əməkdaşlığı, cinayətin üstünün açılmasında iştirakı nəzərə alınaraq ona yüngül cəza istəyir.

A.Əliyev istintaqda və məhkəmədə Q.İbadoğlunun əleyhinə ifadə verib. O iddia edib ki, saxta pulları ona Q.İbadoğlu verib.

İqtisadçı isə bu ifadənin yalan olduğunu, A.Əliyevin sifarişlə ona böhtan atdığını bildirib.

"Fazil Qasımovu ifadə verməyə də qoymursunuz"

Fevralın 27-də məhkəmədə prokurorun çıxışından əvvəl F.Qasımovun vəkili Fuad Ağayev hakimlər heyətinə etiraz edib. Vəkil bildirib ki, bu prosesdə obyektiv araşdırmadan söhbət gedə bilməz. Müdafiəçi vurğulayıb ki, cinayət işində F.Qasımova saxta pul ittihamı verilib, lakin bununla bağlı heç bir sübut yoxdur.

Fuad Ağayev

"İttiham verilib ki, Fazil Qasımov Qubad İbadoğluya saxta əskinaslar verib. Bunu Fazil Qasımov da təkzib edib, Qubad İbadoğlu da. Başqa sübut da yoxdur. Qubad İbadoğlunu nə məhkəməyə çağırdınız, nə istintaqdakı ifadəsini elan etdiniz. Fazil Qasımovu ifadə verməyə də qoymursunuz. Belə məhkəmə olar?!", - vəkil F.Ağayev bildirib.

Müdafiəçi əlavə edib ki, onun məhkəməyə verdiyi etiraza Bakı Apellyasiya Məhkəməsində baxılıb qərar verilməlidir. Lakin vəkilin etirazı baxılmamış saxlanılıb.

Məhkəmə prosesi martın 7-də vəkilin müdafiə çıxışı və təqsirləndirilən şəxslərin son sözüylə davam edəcək.

F.Qasımov məhkəmədə bildirib ki, 2023-cü ilin avqustunda İstanbulda saxlanılıb Bakıya gətiriləndən sonra bir aya yaxın müddətdə onu Q.İbadoğlu ilə birlikdə yaratdıqları Azərbaycan Gənclərinin Təhsil Fondu barədə sorğu-sual ediblər.

2023-cü ilin yayında Q.İbadoğlu Londonda bir sıra azərbaycanlı siyasətçi və fəalla birlikdə Azərbaycan Gənclərinin Təhsil Fondunun yaradıldığını elan edib. O, Azərbaycan məmurlarının xarici ölkələrdəki qanunsuz yolla əldə etdiyi vəsaitlərin bu fonda köçürülməsi və gənclərin təhsilinə sərf olunması üçün çalışacaqlarını bəyan edib.

Xatırlatma

Azərbaycan Demokratiya və Rifah Partiyasının keçmiş sədri, iqtisadçı Q.İbadoğlu 2023-cü ilin iyulunda Cinayət Məcəlləsinin 204.3.1 (mütəşəkkil dəstə tərəfindən saxta pul hazırlama, əldə etmə, satma) maddəsiylə həbs edilib.

O, saxlandığı gün təşkilatın ofisində axtarış aparılmış və 40 min dollar pul tapıldığı və bunun bir hissəsinin saxta olduğu iddia edilmişdi.

Təqsirləndirilən professor isə bu pulların ofisə elə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən atıldığını bəyan etmişdi.

İstintaqın gedişində Q.İbadoğluya Cinayət Məcəlləsinin 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama, yayma) maddələriylə ittiham verilmişdi. Lakin o, bu ittihamı da qəbul etmir, cinayət işində yazılanların yalan olduğunu deyir.

Onun tanışı olan alim F.Qasımov 2023-cü il avqustun 8-də İstanbulda saxlanılaraq Bakıya gətirilib.

Q.İbadoğlu ötən il aprelin 22-də ev dustaqlığına buraxılıb, daha sonra onun haqqında polis nəzarətinə vermə qətimkan tədbiri seçilib və bir neçə ay sonra onunla bağlı cinayət işi ümumi işdən ayrılıb.

Q.İbadoğlu həbsdən çıxandan bir müddət sonra rəhbərlik etdiyi partiyanın fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib. ADR İdarə Heyəti partiyanın fəaliyyətini dayandırmasını qeydiyyata alınmamasıyla izah edib.