Keçid linkləri

2025, 04 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:46

Rüfət Səfərov: 'Tamahkar olsaydım, prokurorluqda qalardım, indi də yüksək vəzifədə idim...'


Rüfət Səfərov
Rüfət Səfərov

Hüquq müdafiəçisi Rüfət Səfərov deyir ki, ölkədə repressiyaların ən yüksək həddə çatdığı indiki durumda özünün də həbsdə olmasını təbii sayır. O, fevralın 25-də Binəqədi rayon Məhkəməsindəki çıxışında bu fikrini dilə gətirib.

Məhkəmədə R.Səfərovun vəkilləri Cavad Cavadovla Elçin Sadıqovun onun ev dustaqlığına buraxılmasından ötrü verdiyi vəsatətə baxılıb. Vəkillər hüquq müdafiəçisinin yaşadığı yerin bilindiyini, həbsdə saxlanmasına, istintaqdan yayınacağına əsaslı şübhənin olmadığını bildiriblər. Onlar, ən başlıcası, R.Səfərovun cinayət törətməsinə dair heç bir dəlil-sübutun olmadığını vurğulayıblar.

"Guya tamah niyyətiylə dələduzluq etmişəm"

R.Səfərov da öz çıxışında ona verilən dələduzluq ittihamının saxta olduğunu hakim Elçin Ağayevin diqqətinə yetirib və vaxtilə prokurorluqda müstəntiq işlədiyini, amma bu sistemdə yaşananları gördüyündən vəzifəsindən könüllü şəkildə imtina etdiyini yada salıb: "Mən tamahkar olsaydım, prokurorluqda qalardım, indi də yüksək vəzifələrdə idim. İndi mənə gülməli ittihamlar verirlər, guya tamah niyyətiylə dələduzluq eləmişəm. Qırmızı imperiyanın repressiyalarının tüğyan etdiyi vaxtında xeyli hakim və prokurorlar güllələnmişdi. Səbəb onların qanunsuz təqib əmrlərini yerinə yetirməkdən imtina etmələri olmuşdu. Təəssüf ki, bu gün bizim məhkəmə-hüquq sistemindən buna cəsarət edəcək nümunə görə bilmirik".

Binəqədi rayon Məhkəməsinin hakimi Elçin Ağayev hüquq müdafiəçisi haqqında həbs-qətimkan tədbirini ev dustaqlığıyla əvəzləməkdən imtina edib.

Hüquq müdafiəçisinin vəkilləri bu qərardan apellyasiya şikayəti verəcəklər.

"Məhz bu mükafat məsələsi siyasi hakimiyyəti qəzəbləndirib"

"Müdafiə Xətti" hüquq-müdafiə təşkilatının icraçı direktoru, hüquq müdafiəçisi R.Səfərov ötən il dekabrın 3-də axşam saatlarında saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq), 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) və 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərərvurma) maddələriylə ittiham irəli sürülüb. Bu maddələrdə 10 ilədək həbs cəzası nəzərdə tutulub.

O özünü təqsirli bilmir, ittihamları qurama sayır.

Ötən il dekabrın 10-da – Beynəlxalq İnsan Hüquqları Günündə Vaşinqtonda ABŞ Dövlət Departamenti dünya üzrə bir neçə hüquq müdafiəçisini mükafatlandırıb. Onların arasında R.Səfərov da olub. Mükafatları dövlət katibi Antoni Blinken təqdim edib. R.Səfərov həbsdə olduğundan tədbirə qatılmadığı üçün Blinken onun mükafatını oradakı boş stula qoyub. Dövlət katibi çıxışında Azərbaycanda ictimai-siyasi fəalların, o cümlədən R.Səfərovun həbsindən də danışıb.

"Bu mükafata layiq görüldüyüm bilinəndən sonra ondan publik qaydada imtina etməyim dəfələrlə təklif olundu. Amma mən bunu edə bilməzdim, axı bu, qlobal səviyyədə fəaliyyətimə verilən qiymət idi. Məhz bu mükafat məsələsi siyasi hakimiyyəti qəzəbləndirib və həbsimə qərar verilib", - R.Səfərovun sözləridir.

Xatırlatma

Zərdab rayon Prokurorluğunun keçmiş müstəntiqi R.Səfərov 2015-ci ilin sonunda Azərbaycan hakimiyyətini insan haqlarının pozulmasında və ölkədə qanunsuzluqlarda suçlayaraq müstəntiq vəzifəsindən istefa verib. Bundan dərhal sonra o, rüşvət almaq ittihamı ilə həbs edilib və 2016-cı ilin sentyabrında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə keçmiş müstəntiqə 9 il həbs cəzası kəsilib.

İrəli sürülən ittihamları rədd edən R.Səfərov 2019-cu ildə əfv sərəncamı ilə azadlığa buraxılıb. Daha sonra hüquq müdafiəçisi kimi fəaliyyətə başlasa da, R.Səfərov 2019-cu ilin oktyabrında polisin tələbinə tabe olmamaq ittihamı ilə 30 sutka inzibati qaydada həbs edilib.

XS
SM
MD
LG