Qazaxıstanda əl-Fərabi adına Milli Universitetin tələbə qızlarına aid tibbi müayinə məlumatları internetdə yayılıb.
Universitet rəhbərliyi hadisə ilə bağlı xidməti təhqiqat başladığını bildirib. Bu barədə məlumatı AzadlıqRadiosunun Qazax xidməti verib.
Dərc olunmuş cədvəllərdə qızların soyadları, telefonları və diaqnozları göstərilir. Cədvəl sütunlarından birində müayinədən keçmiş qızlardan kimlərin bakirə olmasına dair məlumatlar da var.
Bu məlumatların internetdə yayılması Qazaxıstanda geniş ictimai hiddətə səbəb olub.
"НеМолчиKZ" fondunun rəhbəri Dina Smailova tələbə qızlar haqqında infromasiyanın yayılmasını qətiyyətlə pisləyib:
"Bu özəl həyat sirləri hüququnun kobud şəkildə pozulmasıdır. Heç kimin kiminsə bakirəliyini yoxlamaq hüququ yoxdur. Siz bu informasiyanı sonra kimə göndərirsiniz, kimin bakirə tələbə qızlara belə marağı var?”
WhatsАpp-dan yayılıb?
Universitetdən bildiriblər ki, təhsil ocağına müqavilə əsasında səhiyyə xidməti göstərən tibbi mərkəzin şəfqət bacısı fevralın 6-da universitetin mexanika-riyaziyyat fakültəsinin 3-4-cü kurs tələbələrinin elektron siyahısını WhatsАpp messenceri vasitəsilə fakültənin dekanlığına göndərib.
Nəticədə həkim sirri təşkil edən məlumatlar internetdə yayılıb.
Hazırda universitetdə yoxlama gedir, Almatı prokurorluğuna tələbə qızların hüquqlarının qorunması tələbi ilə müraciət daxil olub.
Rəqəmsal İnkişaf Nazirliyi məlumatları yayılan qızlara ərizə ilə müraciət etməyi tövsiyə edib ki, günahkarların “inzibati məsuliyyətə” cəlb edilməsi mümkün olsun.
Elm və Ali Təhsil naziri Sayasat Nurbek deyib ki, məsələ “nəzarətə götürülüb” və tələbə qızların tibbi məlumatlarının yayılmasında günahkar olanların cəzalandırılacağı gözlənilir.