Suxrob illərlə Rusiyada tikintidə işləyərək Tacikistanda özünə arzuladığı toy keçirmək üçün pul yığıb.
Düşənbə yaxınlığında yerləşən doğma kəndində dəbdəbəli mərasimdən bir neçə həftə sonra 30 yaşlı Suxrob 22 yaşlı gəlini məhkəməyə verib, ərə gələndə bakirə olmadığını iddia edib, toya və cehizə xərclədiyi 50 min somonini (5 min dollar) geri istəyib.
Gəlin və ailəsi isə ittihamı rədd edib, Suxrobu böhtana görə məhkəməyə verib, mənəvi ziyana görə 1000 dollar kompensasiya əldə edib. Bu sənədləri AzadlıqRadiosu Rudaki rayon Məhkəməsindən əldə edib.
Suxrob isə məhkəmənin qərarından apellyasiya verib.
"Rusiyada şaxtada işləyib pulu ona görə qazanmadım ki, bakirə olmayan biriylə evlənim. Ona dedim ki, durumu bilsəydim, başqasıyla ailə qurardım", – gizliliyinin qorumaq üçün adının tam verilməsini istəməyən Suxrob deyib.
Mühafizəkar, əsasən müsəlmanların yaşadığı Tacikistanda nikahdan öncə seks qadağan olunub. Toy gecəsi bakirə olmamaqda suçlanan qadın ömür boyu bunun utancı ilə yaşayır.
Son illər ölkədə bakirəlik məsələsinə görə ailə qurduqları ailədən qovulan gənc gəlinlərlə bağlı çoxsaylı qalmaqallar, məhkəmə işləri baş verib.
2017-ci ildə 18 yaşlı Racabi Xurşedin intiharı ölkəni silkələdi. 24 yaşlı əri onun bakirə olmadığını deyərək qovmuşdu. Xurşed bir neçə ekspertizadan keçib, həkimlər onun cinsi əlaqədə olmadığını təsdiqləyiblər. Amma Zafar Pirov israrla gəlinin həkimlərə rüşvət verdiyini söyləyib. Xurşedin intiharından sonra Pirov onu intihara təhrik ittihamıyla 7 il həbsə məhkum edilib.
Tacikistanın kənd yerlərində çoxsaylı gənc cütlüklər kimi, Xurşedlə Pirov da toydan qabaq görüşməyiblər. Bu isə nikahları, əsasən, ailələrin düzüb-qoşduğu Tacikistanda yayğındır.
"Bakirəlik testləri"
Tacikistanda gənc qadınların çoxu toydan öncə bakirəlik testindən keçir. Bu, ölkədə nikaha girmək üçün müraciət edən gənclərdən tələb olunan məcburi tibbi müayinəyə daxildir, amma könüllü seçimdir.
Hökumət bildirir ki, 2015-ci ildən tətbiq olunan toyaqədərki sağlamlıq yoxlamalarının məqsədi İİV/QİÇS, Hepatit C, digər cinsi yolla keçən infeksiya və xəstəlikləri önləməkdir.
Gələcək gəlinlərin bəziləri bəyin xahişiylə bakirəlik testindən keçirlər. Bəziləri isə toy gecəsi qalmaqalı önləməkdən ötrü bunu könüllü edirlər.
Korrupsiyanın geniş yayıldığı bir ölkədə kişilər bəzən qadının bakirəlik sertifikatına inanmırlar.
Bəzi qadınlar isə gizlicə cərrahi əməliyyat yoluyla qızlıq pərdəsini bərpa edirlər.
Paytaxt Düşənbədə özəl xəstəxananın anonimlik şərtiylə danışan həkimi AzadlıqRadiosuna deyib ki, müştəriləri reputasiyalarını qorumaqdan ötrü bu əməliyyata 300 dollaradək pul xərcləyirlər.
Məcburi bakirəlik testləri
İnsan haqları fəalları nikahdan ötrü qadınlardan bakirəliyin tələb olunmasını pisləyirlər.
"Kişi qadından bakirə olmağı tələb edirsə, öz bakirəliyini də sübut eləsin. Kiminsə yerli adətlərə riayət etməsini istəyiriksə, hamımız o standartlara riayət etməliyik", – Düşənbədə İnsan Haqları Mərkəzinin eksperti Larisa Aleksandrova deyib.
Tacikistanda bakirəlik testi könüllüdür, amma Türkmənistanda məcburi. Bəzən yeniyetmələrin özlərinin, valideynlərinin razılığını almadan onları bu testdən keçməyə vadar edirlər.
2018-ci ildə BMT dünyada bakirəlik testlərinin ləğvinə çağırıb, bunun qadın hüquqlarını pozduğunu deyib.
Digər yandan, bir çox həkimlər bu testlərin işə yaramadığını söyləyirlər. Belə ki, fərdin cinsi əlaqədə olub-olmadığını müəyyənləşdirməkdə onlar etibarlı sayılmır, qadınların anatomiyası fərqlidir, bəzilərinin heç doğulanda qızlıq pərdəsi olmur.
Bu məqaləni Farangiz Nacibullah radionun tacik xidməti və Orta Asiya üzrə Rusiya bölümünün materialları əsasında yazıb.