Bu gün, martın 4-də Bakıda Transxəzər Fiber Optik Kabel Xəttinin tikintisinə dair sənəd imzalanıb.
Layihə çərçivəsində Sumqayıt (Azərbaycan) və Aktau (Qazaxıstan) şəhərləri arasında Xəzər dənizinin dibi ilə 380 km uzunluğunda fiber-optik kabel xətti çəkiləcək. Bu, çoxterabitli məlumatların ötürülməsini və 400 terabit/s-ə qədər yüksəksürətli internet bağlantısının qurulmasını təmin etməlidir.
"AzerTelecom" və "Kazakhtelecom" şirkətləri tikinti işlərini 2026-cı ilin sonuna qədər yekunlaşdırmağı planlaşdırır.
Transxəzər Fiber Optik Kabel Xətti müxtəlif ölkələr, o cümlədən Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstan və Türkmənistan ərazilərindən keçəcək rəqəmsal telekommunikasiya dəhlizi olan "Rəqəmsal İpək Yolu" layihəsinin önəmli hissəsi sayılır.
Türk Dövlətləri Təşkilatının 2021-ci ildə keçirilmiş 8-ci Zirvə toplantısında qəbul edilən İstanbul Bəyannaməsində Transxəzər Fiber Optik Kabel Xəttinə dəstək vurğulanmışdı.