Ukrayna ordusu Rusiya qoşunlarının işğalının qarşısını almaq üçün canlı qüvvə çatışmazlığı ilə üzləşdiyi bir vaxtda 18-24 yaş aralığındakı şəxsləri könüllü əsasda orduya cəlb etməyə başlayıb.
Üçillik genişmiqyaslı müharibə nəticəsində sıraları seyrələn ordunu yenidən gücləndirmək üçün Ukrayna 25 yaşdan aşağı - çağırış yaşına çatmamış şəxslərin orduya qoşulmasına imkan verən yeni plan təqdim edib.
İmtiyazlar
Keçən ay təqdim olunan "İndi qərar verən nəsil" təşəbbüsü 1 milyon qrivna (24 min dollar) məbləğində bonus, subsidiyalı ipoteka, pulsuz ali təhsil və xidməti tamamladıqdan sonra xaricə səyahət hüququ kimi stimullar təklif edir.
Ölkə hərbi vəziyyət şəraitində olduğu üçün 18-60 yaş aralığındakı əksər kişilərin ölkəni tərk etməsinə icazə verilmir.
Ordu gənc könüllülərə intensiv təlimlər, qoşulmaq istədikləri hərbi briqadanı seçmək hüququ və 25 yaşına çatdıqda bir il müddətinə səfərbərlikdən möhlət hüququ da təklif edir.
Müdafiə Nazirliyi bildirir ki, bu cür müqavilələr üzrə xidmət müddəti cəmi bir ildir, lakin könüllü əsasda uzadıla bilər.
Ukrayna Müdafiə Nazirliyi gənc çağırışçılar üçün güzəştlər paketi təklif edir.
Əsgər çatışmazlığı problemi fevralın 28-də Ağ evdə prezident Volodimir Zelenski ilə ABŞ prezidenti Donald Tramp və vitse-prezident Ceyms Devid Vens arasında gərgin mübahisə zamanı da gündəmə gəlib.
Zelenski Ukrayna gəncliyini niyə səfərbər etmir?
Bayden administrasiyası da ötən ilin noyabrında Kiyevə bildirmişdi ki, Ukraynanın ehtiyacı olan silahları var, ancaq ölkə əsgər sayını əhəmiyyətli dərəcədə artırmalıdır.
Ukrayna ABŞ və digər Qərb müttəfiqlərinin çağırışını qəbul etməyərək məcburi çağırış yaşını 25-dən 18-ə endirməyib. Zelenski hökuməti gənc nəsli kütləvi şəkildə müharibəyə göndərməyin gələcəkdə Ukraynanın demoqrafik böhranla qarşılaşmasına səbəb olacağını və müharibə bitdikdən sonra ölkəni bərpaetmə qabiliyyətini zəiflədəcəyini əsas gətirərək bu təklifi rədd edib.
Keçən ilin aprelində Ukrayna çağırış yaşını 27-dən 25-ə endirib, hərbi xidmətə getməyənlərə qarşı cəzalar sərtləşdirilib. Orduya qatılmaq üçün fiziki tələblər aşağı salınıb, nəticədə HIV və vərəm olan kişilərin də qoşulmasına icazə verilib. Lakin bu tədbirlərin təsiri məhdud olub.
3-cü hücum briqadasının əsgərləri Kiyevdə təlimlər zamanı.
Yeni təşəbbüs bəzi ukraynalıları qəzəbləndirib
Aktivist və ordu veteranı Oleq Simoroz bu planı imtiyazlardan yararlana bilməyən hərbçilərə qarşı "diskriminasiya" olaraq qiymətləndirib.
"Biz orduda insanları yaşlarına görə ayırmamalıyıq. Uyğun qiymətə ipotekalar bütün hərbçilər üçün əlçatan olmalıdır. Eyni şey pulsuz ali təhsil üçün də keçərlidir. Ali təhsili olmayan, yaralanaraq ordudan tərxis olunan 55 yaşlı çavuşun vəziyyəti 20 yaşlı gəncdən niyə pis olmalıdır?", - Simoroz Facebook-da yazıb.
2022-ci ilin fevralında Rusiya Ukraynaya hücum etdikdə on minlərlə ukraynalı, o cümlədən xaricdə yaşayanlar könüllü olaraq orduya qoşulsa da, müharibə uzandıqca bu həvəs azalıb.
"Könüllülük həyəcanı sönüb"
Rusiya hücuma başladıqda "Ukrayna ölkəni müdafiə etmək üçün qoşun tapmaqda çətinlik çəkmirdi" - dekabrda Beynəlxalq Böhran Qrupunun ovaxtkı baş analitiki Saymon Şleqel yazırdı. Lakin onun vurğuladığına görə, "2014-cü ildə Rusiyanın Krımı işğal etməsi və 2022-ci ildə genişmiqyaslı hücumu ilə başlayan könüllülük həyəcanı üç illik amansız müharibə və Ukraynanın qələbəyə doğru aydın bir yolunun olmaması səbəbindən sönüb".
Ukrayna mediası ötən ilin yanvar-sentyabr aylarında ordudan fərarilik halının 18 mindən çox olduğunu, minlərlə insanın isə ölkəni tərk etmək üçün rüşvət verdiyini bildirib.
Lakin bir çox ukraynalı deyir ki, nə qədər lazımdırsa, onlar ölkəni qorumağa davam edəcəklər. Vitali adlı hərbçi AzadlıqRadiosuna bildirib ki, gənclərə orduya qoşulmaq üçün stimullar təklif edən hökumət planını alqışlayır. 21 yaşında olmasına baxmayaraq, Vitali layihə elan edilməzdən əvvəl orduya qoşulduğu üçün imtiyazlardan yararlana bilmir. "Bu məni qəzəbləndirmir. Artıq istirahət, xarici ölkələrə səyahət etmişəm. Müharibə məntiqi nəticəsinə çatana qədər hərbi müqaviləmi uzadacağam", - o deyib.
Məqalə Azadlıq Radiosunun müxbiri Fərəngiz Nəcbullah və Azadlıq Radiosunun Ukrayna xidməti tərəfindən hazırlanıb.