Müharibə evinə gəlirsə...

AzadlıqRadiosunun müxbiri Maryan Kuşnir Luqansk bölgəsində

Ukraynada jurnalistlər təkcə Rusiyanın tammiqyaslı müharibəsini işıqlandırmırlar – onlar həm də müharibənin qurbanları sırasında yer alırlar.

Onlardan biri də Viktoriya Roşinadır. AzadlıqRadiosu Ukrayna xidmətinin keçmiş frilanseri Rusiya əsirliyində ölüb. 27 yaşlı Viktoriyanın ölümü oktyabrda təsdiqlənib, ancaq onun cəsədi hələ də ailəsinə verilməyib.

O, tək deyil.

Rusiyanın Ukraynada üç ildir apardığı müharibə ukraynalı jurnalistlər arasında böyük itkilərə səbəb olub. Bu jurnalistlər gerçəyi xəbərləmək üçün həyatlarını riskə atırlar. Onların arasında AzadlıqRadiosunun müxbirləri də var.

Martda jurnalist Vladislav Yesipenkonun Rusiyanın işğal etdiyi Krımda həbsinin dörd ili tamam olacaq. Moskva Krımı hərbi bazaya çevirib.

Vladislav Yesipenko

Vladislav AzadlıqRadiosu üçün sosial və ətraf mühit məsələlərindən yazırdı. O, partlayıcı maddələr saxlamaqda ittiham olunsa da, bunu rədd edir. Məhkəmədə saxlanan zaman gördüyü işgəncələrdən danışıb.

AzadlıqRadiosunun jurnalisti Dmitro Yevçin Ukraynanın cənubunda cəbhə xəttində ağır yaralanıb. Bir neçə aylıq reabilitasiyadan sonra o, radionun Kiyevdəki xəbər redaksiyasında işini davam etdirib.

Yevgeniya Kitaiva 2023-cü ildə Ukraynanın şərqindən xəbər verərkən Rusiyanın artilleriya zərbəsinə məruz qalıb. Özü xəsarət almayıb, yaralı ukraynalı əsgərə ilk tibbi yardım göstərməyə çalışıb.

Yevgeniyanın özünə gəlməsi aylarla çəkib. O, bir il sonra qızını dünyaya gətirib. İndi yenə də cəbhə xəttindədir, Ukrayna ordusuna qoşulmağa hazırlaşan qadın məhbuslarla bağlı reportajlar hazırlayır. Ordu hazırda qüvvə çatışmazlığı ilə mübarizə aparır.

Müxbir Maryan Kuşnir müharibənin ən dağıdıcı cəbhələrindən bəzilərini lentə alıb. O, jurnalistikada uğurları barədə danışmır. Əvəzində çəkilişlərin birində təxliyəsinə kömək etdiyi yaşlı kişidən söz açır. Bu kişi cəbhə xəttində yerləşən kəndin son sakini idi.

Cəbhə xəttindən uzaqlarda da müharibənin təhdidləri duyulur

2024-cü ilin payızında AzadlıqRadiosunun Kiyev bürosuna bomba hədələri gəlib. Oxşar hədələri Ukraynada yüzlərlə məktəb, biznes mərkəzləri, hökumət binaları da alıb.

Bu təhdidlərdən öncə AzadlıqRadiosu bir araşdırma yaymışdı, rusiyalı əməliyyatçıların hətta 12 yaşında olan ukraynalı yeniyetmə və uşaqları öz ölkələrinin ordusuna qarşı sabotaj törətməyə cəlb etməsindən söz açılırdı.

Biz təkcə müharibədəki insan itkisindən danışmırıq. Ukrayna ordusunda korrupsiyanı ifşa edirik, xaricdə dəbdəbəli əmlak alan məmurları üzrə çıxarırıq, Rusiya vətəndaşlığını gizlədən hakimləri müəyyənləşdiririk.

Bəzən işimiz tarixin bir parçasına çevrilir. Ukraynanın milli poçt xidməti 2022-ci ildə Kiyev vilayətinin azad olunmasına həsr olunmuş marka buraxdı. Markadakı üç fotodan ikisini AzadlıqRadiosunun fotoqramı Sergiy Nujnenko çəkmişdi.

Fotolardan biri Buçadan idi. Kiyev yaxınlığındakı bu şəhərdə küçələrə Rusiya əsgərlərinin qətlə yetirdiyi yüzlərlə dinc sakinin cəsədi sərilmişdi. Buça Rusiyanın Ukraynada törətdiyi vəhşiliklərin simvoluna çevrildi. Ancaq bütün dəlillərə baxmayaraq, Moskva qırğının səhnələşdirildiyini iddia edir.

Qurbanlardan biri, dükançı Oleksey Pobiqay meşədə kütləvi məzarlıqda basdırılıb. Onu kim öldürmüşdü və niyə?

AzadlıqRadiosunun OSINT üzrə müxbiri vəhşilikləri araşdırıb, onlara görə məsuliyyət daşıyan Rusiya hərbi bölmələrini müəyyənləşdirib. Onun araşdırmaları nəticəsində Ukraynada prokurorlar rəsmi təhqiqat başladıblar.

Buçadan 15 dəqiqəlik maşın yolunda yerləşən Nemeşayeve şəhərini də Rusiya qüvvələri müvəqqəti tutmuşdu.

Bu şəhərdəki qəbiristanlıqda, valideynlərinin evinin yaxınlığında Vira Qiriç uyuyur. AzadlıqRadiosunun jurnalisti 2022-ci ilin aprelində Kiyevdəki mənzilində Rusiyanın raket zərbəsi ilə öldürülüb.

Onun sonuncu reportajı Holokostdan sağ çıxan, 2022-ci ildə Rusiyanın tutduğu Mariupol şəhərində mühasirədə qalmış bir şəxs barədə idi. AzadlıqRadiosu onun ölümünü araşdırıb və Rusiya komandanlığında aparıcı fiqurlara tuş gəlib.

Müharibə evinə çatanda olacağı bu idi.

Yazını AzadlıqRadiosunun müxbiri Maryana Draç hazırlayıb.