Rusiyanın Ukraynaya qarşı başlatdığı genişmiqyaslı işğal müharibəsinin üçüncü ildönümündə Kiyev rəhbərliyi Ukraynanın mineral ehtiyatları ilə bağlı ABŞ-nin təkliflərini dəyərləndirir.
Fevralın 23-də Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, bu məsələ ilə bağlı ABŞ ilə aparılan danışıqlar "irəliləyir".
Lakin razılaşmanın detalları hələ də dəqiqləşdirilməlidir. Zelenski mümkün maneəyə işarə edərək sazişin bağlanması üçün Vaşinqtondan təhlükəsizlik zəmanətlərinin tələb oluna biləcəyini bildirib.
Başqa bir yüksəkvəzifəli ukraynalı siyasətçi bildirib ki, ildönümünün anım tədbirləri keçirilərkən işçi qrup yaradılacaq.
Ukrayna parlamentinin spikeri Ruslan Stefançuk isə mətbuata açıqlamasında deyib ki, bu qrup fevralın 24-dən Vaşinqtonun təklif etdiyi razılaşma mətninin üzərində işləməyə başlayacaq. O əlavə edib ki, Ukrayna imza atmaq müqabilində konkret təhlükəsizlik zəmanətləri almaq istəyir.
ABŞ prezidenti Donald Tramp isə fevralın 22-də bildirib ki, Rusiyanın genişmiqyaslı işğalına qarşı Ukraynanın müdafiəsinə kömək məqsədilə ABŞ-nin göndərdiyi milyardlarla dollar geri qaytarmalıdır.
"Mən istəyirəm ki, biz qoyduğumuz bütün pullar qarşılığında nəsə əldə edək. Nadir metallar və neft – əldə edə biləcəyimiz hər şeyi istəyirik", – Tramp Mühafizəkar Siyasi Fəaliyyət Konfransında (CPAC) bildirib. "Mən ya bu pulları geri qaytarmağa, ya da təminat altına almağa çalışıram".
Tramp sazişin əldə oluna biləcəyini düşündüyünü söyləyib.
Trampın Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq ötən həftənin əvvəlində Kiyevə səfər edərək Ukrayna prezidenti Zelenski ilə görüşüb və görüşdən sonra Ukrayna prezidentinin ABŞ ilə saziş imzalamağın "həyati əhəmiyyət" daşıdığını anladığını bildirib.
Təklif olunan razılaşmaya görə, ABŞ-yə Kiyevə verilən yardımı kompensasiya etmək üçün Ukraynanın nadir torpaq mineralları üzərində hüquqlar veriləcək. Zelenskinin ilkin müqaviləni imzalamaqdan çəkindiyi bildirilir, lakin fevralın 22-də adları açıqlanmayan Ukrayna rəsmilərinə istinadən yayılan xəbərlərə görə, o, indi yenilənmiş versiyanı nəzərdən keçirir.