ABŞ prezidenti Donald Tramp hər biri 5 milyon dollara satılacaq "qızıl kart" yaşayış icazəsi planını təqdim edərək rusiyalı oliqarxların da bu fürsətdən yararlana biləcəyini açıqlayıb.
Fevralın 25-də Ağ evdə sözügedən proqramı elan edən prezident Tramp "qızıl kart"ların təxminən iki həftəyə hazır olacağını söyləyib.
"Sizin "yaşıl kart"ınız var, bu isə "qızıl kart"dır. Bu kartın dəyəri təxminən 5 milyon dollar olacaq", –Tramp bəyan edib.
ABŞ prezidenti bu kartların satışından əldə olunan gəlirin büdcə kəsirinin azaldılmasına yönəldiləcəyini bildirib. Prezidentin sözlərinə görə, proqram, əsasən, iş yerləri yaradacaq "maliyyə imkanı olan" insanlara istiqamətlənəcək.
"Onlar varlı və uğurlu insanlar olacaq, çoxlu vəsait xərcləyəcək, yüksək vergilər ödəyəcək və çoxlu insanı işlə təmin edəcəklər. Biz hesab edirik ki, bu proqram son dərəcə uğurlu olacaq", –Tramp vurğulayıb.
Yeni "qızıl kart" üçün müraciət edən şəxslər ciddi yoxlamadan keçəcək və varlı rusiyalıların da bu proqrama müraciət etməsi mümkün ola bilər: "Mən çox yaxşı rusiyalı oliqarxları tanıyıram. Bu mümkündür. Onlar əvvəlki qədər varlı deyillər, amma düşünürəm ki, bunu edə bilərlər. 5 milyon dollar ödəməyə imkanları çatır".
ABŞ ticarət naziri Hovard Latnik jurnalistlərə deyib ki, "Tramp Qızıl Kartı" 1990-cı ildə Konqres tərəfindən xarici investisiyaları cəlb etmək məqsədilə yaradılmış EB-5 İnvestorların Miqrasiya Proqramının əvəzləyəcək.
ABŞ Daxili Təhlükəsizlik Departamentinin ən son illik miqrasiya hesabatına görə, 2022-ci il sentyabrın 30-da başa çatan 12 aylıq dövr ərzində 8 min nəfər EB-5 proqramı vasitəsilə investor vizası alıb.