ABŞ və Rusiya diplomatları İstanbulda görüşəcək

Görüş Səudiyyə Ərəbistanı kral ailəsinin iqamətgahlarından biri olan Diriya sarayında keçirilib.

ABŞ və Rusiyanın yüksəkrütbəli diplomatları fevralın 27-də İstanbulda görüşəcək.

Bunu Dohada jurnalistlərə açıqlamasında Rusiya xarici işlər naziri Sergey Lavrov deyib. Onun sözlərinə görə, görüşün məqsədi hər iki ölkədəki səfirliklərin normal fəaliyyətinin bərpasını müzakirə etməkdir: "Belə bir görüş sabah İstanbulda baş tutacaq və düşünürəm ki, onun nəticələri bizim nə qədər tez və effektiv hərəkət edə biləcəyimizi göstərəcək".

18 fevral

'Çətin yolda ilk addım'- Ər-Riyadda ABŞ və Rusiya nümayəndələri görüşdü

Ər-Riyadda ABŞ-Rusiya danışıqları başa çatıb. Danışıqlar 4 saat yarım davam edib.

ABŞ rəsmiləri ilə görüş zamanı yaxın vaxtlarda Ukrayna nizamlanması prosesinin başlanması barədə razılıq əldə olunub. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ər-Riyaddakı görüşün yekunlarına dair mətbuat konfransında bildirib.

Lavrov NATO ölkələrindən Ukraynaya sülhməramlıların göndərilməsinin mümkünlüyü ilə bağlı təşəbbüsün qəbuledilməz olduğunu vurğulayaraq səbəb kimi Rusiya suverenliyinə "birbaşa" təhlükəni göstərib.

S.Lavrov ABŞ nümayəndələri ilə söhbəti "faydalı" adlandırıb. "Biz sadəcə dinləmədik, bir-birimizi eşitdik. Düşünməyə əsas var ki, Amerika tərəfi bizim mövqeyimizi daha yaxşı anlamağa başlayıb, biz bunu prezident Putinin çoxsaylı çıxışları əsasında bir daha ətraflı və konkret misallarla izah etdik", - Lavrov deyib.

Onun sözlərinə görə, tərəflər iki ölkənin səfirlərinin mümkün qədər tez təyin olunmasını təmin etmək barədə razılığa gəliblər.

Marko Rubio

+++

ABŞ dövlət katibi Marko Rubio bildirib ki, qarşıda çox iş var, bu görüş "uzun və çətin yolda ilk addımdır". O əlavə edib ki, ABŞ Ukraynada davamlı və ədalətli sülhün bərqərar olmasına çalışır.

Rubio Ukrayna kimi, Avropa İttifaqı (Aİ) ölkələrinin də danışıqlar prosesindən kənarlaşdırılmayacağını söyləyib. Onun fikrincə, sülh şərtləri hər kəs, o cümlədən Ukrayna, Rusiya və Aİ üçün məqbul olmalı, bütün tərəflər güzəştə hazır olmalıdır.

M.Rubionun sözlərinə görə, Rusiya ilə ABŞ Moskva və Vaşinqtondakı səfirliklərində şəxsi heyətin sayını bərpa etmək barədə razılığa gəliblər.

+++

Rusiya nümayəndə heyətinin üzvü Yuri Uşakov danışıqların pis getmədiyini, tərəflərin bütün məsələlərlə bağlı "ciddi" söhbət apardıqlarını deyib.

Uşakovun sözlərinə görə, Ukrayna ilə bağlı məsələləri müzakirə etməyə başlayacaq danışıqlar qrupları yaradılacaq. Heyət üzvünün qeyd etməsinə görə, iki ölkə prezidentləri arasında görüşə hazırlıq da müzakirə olunub, lakin onun gələn həftə baş tutması ehtimalı azdır.

Uşakov həmçinin vurğulayıb ki, ABŞ və Rusiyanın yaxınlaşdığını söyləmək, hələlik, çətindir, lakin "bu barədə söhbət olub".

+++

ABŞ Dövlət Departamentinin açıqlamasına görə, M.Rubio və S.Lavrov Rusiya ilə ABŞ arasında münasibətlərdə "qıcıqlandırıcı" məsələləri aradan qaldırmaq üçün məsləhətləşmə mexanizminin yaradılması barədə razılığa gəliblər. Departament həmçinin bəyan edib ki, ümumi geosiyasi maraqlara dair məsələlərdə əməkdaşlıq və müharibə başa çatdıqdan sonra Rusiya ilə iqtisadi əlaqələrin gələcəyi müzakirə olunub.

Dövlət Departamentinin sözçüsü Temmi Bryus tərəflərin Ukraynada sülh nizamlanmasını müzakirə etmək üçün qruplar yaratmağa razılaşdıqlarını təsdiqləyib. O, eyni zamanda qeyd edib ki, bir görüş keçirməklə müharibəni dayandırmaq olmaz.

+++

Fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yüksəksəviyyəli Rusiya-ABŞ nümayəndələrinin danışıqları olub. Bu, Rusiyanın 2022-ci ildə Ukraynaya genişmiqyaslı hücumundan bəri ilk belə görüşdür.

Hər iki tərəf bu görüşü ölkələr arasında dialoqun qurulması, eləcə də Ukraynada mümkün sülh danışıqları istiqamətində ilk addım kimi qiymətləndirir. Orada prezidentlərin sammitinə hazırlıq məsələləri də müzakirə olunacaq. Ukrayna və digər ölkələrin nümayəndələri görüşə dəvət olunmayıblar. Görüş ikitərəfli formatda keçirilir.

Nümayəndə heyətlərinə xarici siyasət idarələrinin rəhbərləri - ABŞ dövlət katibi Marko Rubio və Rusiyanın xarici işlər naziri Sergey Lavrov başçılıq edirlər. Amerika nümayəndə heyətinə həmçinin milli təhlükəsizlik üzrə müşavir Maykl Uolts və prezidentin xüsusi elçisi Stiven Uitkoff daxildir.

Rusiya nümayəndə heyətində prezident Vladimir Putinin köməkçisi Yuri Uşakov və Rusiya Birbaşa İnvestisiyalar Fondunun rəhbəri Kirill Dmitriyev də var.

Səudiyyə Ərəbistanını danışıqlar masasında xarici işlər naziri Feysəl bin Fərhan Əl Səud və milli təhlükəsizlik müşaviri Musaid bin Məhəmməd əl-Ayban təmsil edir.

17 fevral

Lavrov Ukraynaya ərazi güzəştlərini istisna edir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynaya ərazi güzəştlərinin mümkünlüyünü rədd edərək bildirib ki, nizamlanma prosesində heç bu barədə söhbət belə gedə bilməz.

2022-ci ildə prezident Vladimir Putin Ukraynanın dörd vilayətinin (Donetsk, Luqansk, Zaporojye və Xerson) Rusiyanın tərkibinə qəbulu haqqında konstitusiya qanununu imzalayıb.

Hazırda Ukrayna ərazisinin 20 faizindən çoxu, o cümlədən Luqansk vilayəti tam, Donetsk, Zaporojye və Xerson vilayətlərinin isə çox hissəsi işğal altındadır.

Ukrayna prezidenti Volodimir Zelenski fevralın 16-da bildirib ki, Kiyev itirilmiş torpaqları heç vaxt Rusiya ərazisi kimi tanımayacaq, NATO-ya üzv olarlarsa, onları diplomatik yollarla geri qaytaracaqlar. Amma keçən həftə o, bir ərazinin digərinə dəyişdirilməsini istisna etməmişdi. O, hansı ərazilərdən danışdığını qeyd etməyib. Ukrayna Silahlı Qüvvələri Rusiyanın Kursk vilayətinin bir hissəsinə nəzarəti davam etdirir.

Ukrayna Səudiyyə Ərəbistanındakı danışıqları tanımayacaq – Zelenski

Ukrayna fevralın 18-də ABŞ və Rusiya rəsmiləri arasında Səudiyyə Ərəbistanında keçiriləcək danışıqlarda iştirak etməyəcək. Bunu Yaxın Şərq səfəri çərçivəsində Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) olan Ukrayna dövlət başçısı Volodimir Zelenski jurnalistlərə deyib.

Zelenski ölkəsinin Ər-Riyad danışıqları barədə məlumatının olmadığını və Ukraynasız hər hansı müzakirənin nəticə verməyəcəyini vurğulayıb: "Bizim iştirakımız olmadan haqqımızda bağlanmış heç bir razılaşmanı tanıya bilmərik və biz belə razılaşmaları tanımayacağıq".

Danışıqlar başlamazdan əvvəl Ukrayna və Amerika nümayəndə heyətləri

14 fevral

Ukrayna prezidenti və ABŞ vitse-prezidenti Münxendə görüşüblər

Münxendə beynəlxalq təhlükəsizlik konfransı çərçivəsində Ukrayna prezidenti Volodimir Zelenski ilə ABŞ vitse-prezidenti Cey Di Vens arasında görüş keçirilib.

Danışıqlar səhərə planlaşdırılmışdı, lakin Amerika tərəfi görüşü axşama təxirə salmağı xahiş edib ki, Vaşinqton tərəfdaşlıq haqqında birgə memorandumun mətni ilə tanış ola bilsin.

Zelenski ilə Vensin görüşü bir saatdan az çəkib. Görüşdən sonra Vens söhbətin məhsuldar keçdiyini bildirib. "Biz müharibənin bitməsini, qətllərin dayandırılmasını istəyirik, lakin biz bir neçə ildən sonra Avropada münaqişə yox, davamlı sülhə nail olmaq istəyirik", - "RBC-Ukrayna" Vensdən sitat gətirir.

Vens həmçinin qeyd edib ki, ABŞ və Ukrayna arasında "yaxın günlərdə, həftələrdə və aylarda" hələ danışıqların bir çox raundu keçiriləcək. O, tərəflərin uzunmüddətli sülhə necə nail olmaq barədə razılığa gələcəklərinə ümidvar olduğunu bildirib.

Zelenski "Putini dayandırmaq və müharibəni bitirmək" istəyini təsdiqləyib. O, Birləşmiş Ştatların xüsusi elçisi general Kit Kelloqun Ukraynaya səfərindən şad olacağını vurğulayıb.

Zelenski və Vensin görüşü Ukrayna prezidenti ilə Donald Tramp administrasiyasının nümayəndəsi arasında ilk şəxsi təmasdır.

Vens Münxen Təhlükəsizlik Konfransında iştirak edən ən yüksəkvəzifəli Ağ ev rəsmisidir. Nümayəndə heyətinə ABŞ dövlət katibi Marko Rubio və prezidentin Ukrayna üzrə xüsusi nümayəndəsi K.Kelloq da daxildir.

Putin və Tramp

12 fevral

Tramp və Putin qarşılıqlı fəaliyyət barədə razılığa gəliblər

ABŞ prezidenti Donald Tramp fevralın 12-si səhər Rusiya prezidenti Vladimir Putinlə telefonla danışıb. Məlumatı Tramp "TruthSocial" səhifəsində paylaşıb.

"Biz Ukrayna, Yaxın Şərq, energetika, süni intellekt, dolların gücü və digər mövzuları müzakirə etdik. Hər ikimiz xalqlarımızın böyük tarixi haqqında fikir mübadiləsi apardıq", - deyə Tramp yazıb.

Amerika liderinin sözlərinə görə, tərəflər bir-birinə qarşılıqlı səfərlər barədə razılığa gəliblər: "Həmçinin razılaşdıq ki, müvafiq komandalarımız [Ukraynadakı müharibəni dayandırmaq üçün] dərhal danışıqlara başlasın".

Ukrayna üzrə danışıqlar prosesini aparmaq üçün Tramp dövlət katibi Marko Rubio, Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliff, milli təhlükəsizlik üzrə müşavir Maykl Uolts və xüsusi elçi Stiv Uitkoff daxil olmaqla, yüksəkvəzifəli məmurlardan ibarət komanda təyin edib.

Kremlin sözçüsü Dmitri Peskov prezidentlərin söhbətinin təxminən saat yarım davam etdiyini bildirib. Onun sözlərinə görə, Putin Trampın Moskva və Vaşinqtonun birlikdə işləməli olduğu tezisini dəstəkləyib.

+++

D.Tramp rusiyalı həmkarı V.Putinlə danışıqlardan dərhal sonra Ukrayna lideri Volodimir Zelenski ilə telefon danışığı aparıb.

Daha əvvəl Kreml rəhbəri ilə söhbətini şərh edən Tramp Zelenskiyə "indi" zəng vuracağını bildirmişdi.

"Uzun söhbət idi. Sülhə nail olmaq imkanları haqqında... Skott Bessent ilə söhbətimizi və təhlükəsizlik, iqtisadi və resurs əməkdaşlığı ilə bağlı yeni sazişimizin hazırlanmasını müzakirə etdik", - Zelenski sosial şəbəkədə yazıb.

Pentaqon rəhbəri: Ukraynanın müharibədən əvvəlki sərhədlərinə qayıtması qeyri-realdır

ABŞ müdafiə naziri Pit Heqset Ukraynanın 2014-cü ildən əvvəlki sərhədlərinə qayıtmasını və Rusiya tərəfindən ilhaq edilmiş Krımın geri qaytarılmasını "qeyri-real" adlandırıb. O həmçinin qeyd edib ki, Ukraynanın NATO-ya üzvlüyü Rusiya-Ukrayna münaqişəsinin həllinin tərkib hissəsi kimi nəzərdən keçirilmir.

Heqset bu açıqlamaları NATO-nun Brüsseldəki mənzil-qərargahında Ukraynanın müttəfiq ölkələrinin toplantısında edib. Pentaqon rəhbəri onu da vurğulayıb ki, Kiyev və Moskvanın hansı şərtlərlə atəşkəsə nail olmasından asılı olmayaraq, ABŞ Ukraynada öz qoşunlarını yerləşdirməyəcək və ABŞ ordusu regionda sülhün heç bir qarantiyasının hissəsi olmayacaq.

"Biz də sizin kimi Ukraynaya sülh və firavanlıq arzulayırıq. Ancaq başa düşməliyik ki, Ukraynanı 2014-cü ildən əvvəlki sərhədlərinə qaytarmaq hədəfi real deyil. Belə bir xəyali hədəfin dalınca qaçmaqla biz müharibə və iztirabları yalnız uzadacağıq", - nazir bildirib.

Xatırlatma

2022-ci il fevralın 24-də Rusiya Ukraynaya yenidən təcavüzə başlayıb. Doqquz il əvvəl də Rusiya Ukraynanın bir hissəsini-Krımı tutmuşdu. Onda Rusiyaya sanksiyalar tətbiq edilməyə başlanmışdı. Yeni müharibədən sonra Qərb və dünyanın bir sıra ölkələri Rusiyaya sanksiyaları genişləndirib.

Hazırda Ukrayna ərazisinin (603 min 628 kv.km) 20 faizindən çoxu işğal altındadır.