Bakının Sabunçu rayonunda iki gündə 15 nəfərin spirtdən zəhərlənərək öldüyü bildirilir.
Bu barədə bu gün, fevralın 24-də Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, fevralın 22-i və 23-də Sabunçu rayonunda ümumilikdə 15 nəfərin ölməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır: "Həyata keçirilmiş ilkin tədbirlərlə həmin şəxslərin qəbul etdikləri etil (texniki) spirtindən zəhərlənməsi nəticəsində ölmələri müəyyən edilib".
Vurğulanır ki, məhkəmə tibb eksperti və kriminalistin iştirakı ilə hadisə yerlərinə, meyitlərə baxış keçirilib: "İş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən daxilə qəbul edilməsi qadağan olunan tərkibində 75 və 95% spirtə malik gigiyenik vasitənin boş şüşələri, qida qalıqları götürülüb...".
Məsələ ilə bağlı zərərçəkmiş şəxslərin yaxınları ilə isə danışmaq mümkün olmayıb.