Rusiyada jurnalist Ukrayna müharibəsi haqda 'saxta' xəbərə görə ev dustağı edilib

Yekaterina Barabaş

Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi (CPJ) Rusiya hakimiyyətini 64 yaşlı rusiyalı jurnalist Yekaterina Barabaşa qarşı ittihamları ləğv etməyə çağırıb. Jurnalist Rusiyanın Ukraynaya qarşı tammiqyaslı işğalını tənqid etdiyinə görə ev dustağı edilib, 10 ilədək həbsə məhkum edilə bilər.

Ukrayna doğumlu Barabaş fevralın 25-də saxlanıb, saxta xəbər yaymaqda ittiham edilib. O, müstəqil "Respublika" nəşrinin film tənqidçisidir. Ertəsi gün Moskvada məhkəmə onun barəsində iki aylıq ev dustaqlığı qərarı çıxarıb.

Barabaşın yazılarında antimüharibə mövqeyi sezilir.

Fevralın 26-da Xabarovsk məhkəməsi "Forbes" dərgisinin Rusiya nəşrinin xəbər redaktoru Sergey Minqazovu 700 min rubl ( 8 min 62 dollar) cərimələyib. Səbəb onun Rusiya ordusu barədə saxta informasiya dərc etməsi göstərilib.

CPJ bildirir ki, jurnalistlərə qarşı bu ittihamlar Rusiya hakimiyyətinin "saxta xəbər" qanunvericiliyindən silah kimi istifadə etdiyini göstərir, Kremlin Ukraynadakı təcavüzkar müharibə ilə bağlı narrativinin əksini danışanlar susdurulur.

2024-cü il dekabrın 1-dək Rusiyada azı 30 jurnalist həbsdə idi. Onların altısı "saxta" xəbərə görə həbs olunub.