ABŞ dövlət katibi Marko Rubio bildirib ki, prezident Donald Tramp ilə Rusiya prezidenti Vladimir Putin arasında mümkün görüş Ukraynadakı müharibənin dayandırılması istiqamətində irəliləyişdən asılıdır. Dövlət katibi bunu fevralın 20-də amerikalı jurnalist Ketrin Herriclə X platformasında yayımlanan müsahibəsində deyib.
O əlavə edib ki, belə görüşlər adətən hər hansı bir nəticə əldə olunmadan və ya müəyyən irəliləyiş qeydə alınmadan keçirilmir.
Ər-Riyad danışıqlarında Moskva və Vaşinqton Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya hücumu ilə başlayan müharibənin dayandırılması üçün danışıqlar aparacaq qruplar yaratmaq barədə razılığa gəliblər.
Həm Putin, həm də Tramp sammit keçirmək istədiklərini bildiriblər.
"Düşünürəm ki, bu görüşün nə zaman baş tutacağı, əsasən, Ukraynadakı müharibənin dayandırılması istiqamətində irəliləyiş əldə edib-etməməyimizdən asılı olacaq. Əgər belə bir irəliləyişə nail olsaq və həmin sammit razılaşmanı rəsmiləşdirərsə, o zaman hər kəs prezident Trampın sülhməramlı olduğunu vurğulamalıdır", –o bildirib.
ABŞ prezidenti D.Tramp müharibəni tez bir zamanda bitirmək üçün razılaşma əldə etməyə çalışır. Lakin Ukrayna və Avropa hökumətləri onun taktikasından narahatdır. Onlar Moskvayla Vaşinqtonun Ukrayna və Avropanın təhlükəsizlik maraqlarını nəzərə almayan bir razılaşmaya gələcəklərindən ehtiyatlanırlar.