"Ən yaxşı film" nominasiyasında builki "Oskar" mükafatının qalibi Akademiyanın əsas favoritlərindən biri və Kann Film Festivalının qalibi komediya dramı "Anora" olub.
Filmin rejissoru Şon Beyker də "ən yaxşı rejissor" nominasiyası üzrə qalib gəlib.
Filmdə striptizçi Anora Mixeyeva roluna görə Mayki Medison "ən yaxşı aktrisa" nominasiyasının qalibi olub. "Anora" filmi "ən yaxşı orijinal ssenari" və "ən yaxşı montaj" nominasiyaları üzrə də mükafatları qazanıb.
"İkinci planda ən yaxşı aktyor" nominasiyasında "Oskar" mükafatı Cessi Eyzenberqin rejissoru olduğu "Əsl ağrı" filmindəki roluna görə Kiran Kalkinə verilib. "İkinci planda ən yaxşı aktrisa" mükafatına "Emiliya Peres" filmindəki roluna görə Zoi Saldana layiq görülüb.
Bred Korbetin rejissoru olduğu "Brutalist" filmində memar Laslo Tot roluna görə Edrian Broudi "baş rolda ən yaxşı aktyor" nominasiyasında karyerasının ikinci "Oskar"ını qazanıb. Film həmçinin "ən yaxşı operator işi" və "ən yaxşı saundtrek" nominasiyaları üzrə də qızıl heykəlciklər qazanıb.
"Ən yaxşı xarici dildə film" kateqoriyası üzrə mükafatı braziliyalı rejissor Valter Sallesin "Mən hələ də buradayam" filmi qazanıb.
"Ən yaxşı sənədli film" mükafatını İsrail-Fələstin münaqişəsi haqqında Bazel Adra və Yuval Abrahamın çəkdikləri "Başqa torpaq yoxdur" əldə edib.
"Ən yaxşı tammetrajlı animasiya filmi" katqoriyasında qalib latviyalı rejissor Qints Zilbalodisin "Axın" filmi olub.