Jurnalist Fatimə Mövlamlı həbs edilib

Fatimə Mövlamlı

Martın 1-də Xətai rayon Məhkəməsində jurnalist Fatimə Mövlamlı həbs edilib. Məhkəmə istintaq orqanının təqdimatı üzrə onun barəsində 1 ay 9 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Fatimə Mövlamlının "MeydanTV işi" ilə əlaqəli cinayət işinə görə saxlandığı bildirilmişdi. Ona Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
O, ittihamı qurama sayır, sırf peşə fəaliyyəti ilə bağlı həbs edildiyini bildirib.

28 fevral

Fatimə Mövlamlı saxlanıb

Jurnalist Fatimə Mövlamlının bu gün, fevralın 28-də saxlanıb.

Bəzi yerli saytlara bu barədə məlumatı Azərbaycan Daxili İşlər Nazirliyindən də təsdiqləyiblər. Onun "MeydanTV işi" ilə əlaqəli saxlandığı vurğulanır.

Yaxınlarının vurğulamasına görə, polis F.Mövlanlının yaşadığı evlərində də axtarış aparıb: "Polislər Fatiməgildən guya 2 min avro pul tapıblar. Ailə üzvləri bildirir ki, o pul Fatiməyə məxsus deyil".

Hələlik, bu məlumata Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Nurlan Libre (Qəhrəmanlı)

21 fevral

Jurnalist Nurlan Libre həbs olunub

Fevralın 21-də Xətai rayon Məhkəməsində jurnalist Nurlan Libre (Qəhrəmanlı) ilə bağlı istintaq orqanının təqdimatı üzrə qərar qəbul olunub.

Məhkəmə təqdimatı təmin edib. Onun barəsində 1 ay 17 gün müddətinə həbs-qətimkan tədbiri seçilib.

Onun "MeydanTV işi" ilə bağlı açılan cinayət işi üzrə həbs olunduğu bildirilir.

"MeydanTV işi"ndə 7 jurnalist ötən ilin dekabrında tutulub, onlar qaçaqmalçılıqda günahlandırılırlar, amma ittihamı qəbul etmirlər.

N.Qəhrəmanlının da ittihamı qəbul etmədiyi deyilir.

+++

Jurnalist Nurlan Qəhrəmanlı (Libre) fevralın 20-də Bakıda saxlanıb. Yaxınlarının vurğulamasına görə, onun Sumqayıtda yaşadığı evdə axtarış aparılıb.

+++

Ümumilikdə 2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30 civarında jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib.

MeydanTV ilə əməkdaşlıq etdiyi bildirilən beşdən çox jurnalist ötən ilin dekabrında tutulub. Onların hamısı ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təqribən 350 siyasi məhbus var. Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir. Onların deməsinə görə, həmin siyahılarda yer alanlar sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Beynəlxalq insan haqları təşkilatları, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti hökuməti siyasi motivlərlə, haqsız saxlananları azad etməyə çağırır.