Bu il sertifikatlaşdırmaya 22 min xarici dil müəllimi və ötən il uğur qazana bilməyən 4 min müəllim cəlb ediləcək.
Bunu fevralın 12-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜDTA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, 65 minə yaxın sertifikasiyaya cəlb olunmuş müəllimlərdən 55 mini bunu uğurla başa çatdırıb və onların maaşına əlavələr edilib: "Təxminən 5 min müəllim isə sertifikasiyadan keçə bilmədiyi üçün onların əmək müqaviləsinə xitam verilib".
2024-2025-ci tədris ili üzrə müsabiqədə ümumilikdə 6 min 211 şəxs işə qəbul olunub. Hazırda Azərbaycanda 150 mindən çox müəllimin olduğu bildirilir.
Xatırlatma
Azərbaycanda müəllimlər üçün sertifikatlaşdırma 2021-ci ildən aparılır. O, iki mərhələdən (test və müsahibə) ibarətdir. Bu prosesdən keçən müəllimlərin maaşlarına 10-35 faiz əlavələr olunduğu bildirilib.
Elm və Təhsil Nazirliyindən ötən il bildirilmişdi ki, təkrar sertifikatlaşdırmada uğursuz olan müəllimlərin müraciətlərinin qəbulu aparılır. "Keçid balını toplamayan təhsilverənlərlə işin təşkili, onların sosial statuslarının mərhələli şəkildə qiymətləndirilməsi və alternativ iş imkanlarının araşdırılması məqsədilə komissiyalar yaradılıb", - deyə vurğulanırdı.