Həbsdə olan gənc fəal: 'Polis rəisinin işgəncələrini ictimailəşdirdiyimə görə...'

Möhyəddin Orucov

"İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Möhyəddin Orucova 3 il həbs cəzası kəsilib. Fevralın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.

O, narkotik ittihamıyla təqsirli bilinib, ancaq üzərindən satışla bağlı ittiham götürülüb. 2023-cü ilin dekabrında həbs olunarkən ona Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədiylə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsiylə ittiham verilsə də, məhkəmə sonda ittihamı 234.1-1-ci (satış məqsədi olmadan narkotik əldə etmə, saxlama) maddəyə tövsif edib.

İşçi hüquqlarını qoruyan 24 yaşlı ictimai fəal 1 il 3 aya yaxındır həbsdədir. Cinayət işinin materiallarında iddia edilir ki, 2023-cü il dekabrın 13-də saxlanılarkən onun cibindən 3.2 qram narkotik tapılıb.

Fevralın 25-də hökmdən öncə məhkəmədə son sözünü deyən M.Orucov bunun yalan olduğunu, cibinə narkotiki polislərin atıb onu şərlədiklərini söyləyib. O, həbsinə görə Suraxanı rayonu, 32-ci polis bölməsinin rəisi Samir Çobanovu suçlayıb. Dediyinə görə, polis rəisinin qanunsuz davranışlarına, ona verilən işgəncələr barədə müsahibəsinə, sosial şəbəkələrdə yazdıqları üzündən narkotiklə şərlənərək cəzalandırılıb.

M.Orucov yada salıb ki, anbardar işlədiyi "ATEF" Şirkətlər Qrupunda əməkdaşların hüquqlarının pozulması haqda şikayətlərinə görə 2023-cü ilin oktyabrında bir aylıq inzibati qaydada həbs olunmuşdu: "Onda Samir Çobanov mənə dedi ki, utanmırsan, bu zavoddan çörək yeyirsən, sonra da şikayət eləyirsən? Məni bölmənin həyətində oturacağa bağlamışdılar. Həmin vaxt mənə 30 sutka verdilər. Həbsdən çıxandan sonra polis rəisinin elədiklərini, ümumiyyətlə, başıma gələnləri ictimailəşdirdim. Ona görə bu dəfə məni narkotiklə şərləyib uzunmüddətli həbsə göndərdilər. Mən narkotikin rəngini bilmirəm...".

M.Orucovun vəkili Nazim Musayev də onun təqsirsiz olduğunu deyərək məhkəmədə bəraət hökmü çıxarılmasını istəyib.

Vəkil AzadlıqRadiosuna hökmdən apellyasiya şikayəti verəcəyini bildirib.

Xatırlatma

"İşçi Masası" Həmkarlar İttifaqları Konfederasiyası və "Kuryer Birliyi" Həmkarlar İttifaqı 2023-cü il avqustun 1-də etiraz aksiyası keçirib. Onlar kuryer çalışan şəxslərin mopedlərinin kütləvi şəkildə cərimə meydançasına aparılmasına etirazlarını dilə gətiriblər. Elə həmin gün konfederasiyanın sədri Afiyəddin Məmmədova polisə müqavimət və xırda xuliqanlıq ittihamı ilə 30 sutka inzibati həbs cəzası verilib. O, inzibati həbsdən buraxılandan az sonra yenidən həbs olunub. Bu dəfə ictimai fəala CM-in 126.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən bədənə ağır xəsarət yetirmə) və 221.3-cü (silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddələriylə ittiham verilib. Həmin ittihamlarla ona 8 il həbs cəzası kəsilib.

"İşçi Masası"nın daha bir üzvü Elvin Mustafayev 2023-cü il avqustun 4-də narkotik ittihamı ilə həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsində ona 3 il həbs cəzası kəsilib.

E.Mustafayevdən bir neçə gün sonra sözügedən konfederasiyanın digər üzvü Ayxan İsrafilov da narkotik ittihamıyla həbs edilib və ona da eyni cəza verilib.

Adları çəkilən ictimai fəalların hamısı ittihamların saxta olduğunu deyir, işçi hüquqlarını qoruduqlarına, ölkədəki özbaşınalıqlara etirazlarına görə şərləndiklərini vurğulayırlar.

Hökumət rəsmiləri ölkədə heç kimin ictimai-siyasi fəaliyyətinə görə təqib olunmadığını bildirirlər.