Mərkəzi Bankın valyuta ehtiyatı azalıb

Mərkəzi Bank

2025-ci il martın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 10 milyard 991.8 milyon ABŞ dolları təşkil edib. Bu barədə AMB-in məlumatında bildirilir.

Bu göstərici əvvəlki ayla müqayisədə 3.3 milyon dollar çoxdur.

AMB-nin valyuta ehtiyatları ötən ilin analoji dövrü ilə müqayisədə isə 5.7 faiz və ya 658.5 milyon dollar azalıb.

Bununla da 2024-cü ildə 2017-ci ildən bəri ilk dəfə Mərkəzi Bankın valyuta ehtiyatları azalıb. Ehtiyatların azalması prosesi ötən ilin sentyabrından başlayıb.

Ekspertlər bu azalmanın əsas səbəbi kimi tənzimləyicinin öz ehtiyatlarının bir qismini valyuta hərraclarında satmasını və həmçinin dövlət ehtiyacları üçün zəruri idxal əməliyyatlarını maliyyələşdirməyə ayırmasını göstərirlər.

Amma son bir ildə ümumilikdə ölkənin valyuta ehtiyatları (Dövlət Neft Fondunun vəsaitləri daxil) artıb.

Bu il yanvarın 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 70 milyard 990.9 milyon ABŞ dolları təşkil edib. Son bir ildə ölkənin valyuta ehtiyatları 3 milyard 308.2 milyon ABŞ dolları və yaxud 4.9 faiz artıb.

Dövlət Neft Fondu, hələlik, son göstəriciləri açıqlamayıb.