Konstitusiya Məhkəməsi hakimlərinin vəzifədə qalma yaş həddi artırılır

Konstitusiya Məhkəməsi

Konstitusiya Məhkəməsi hakimlərinin vəzifədə olmasının yaş həddi artırılır.

Bu məsələ Milli Məclisin bu gün, fevralın 28-də keçirilən iclasında müzakirəyə çıxarılan "Konstitusiya Məhkəməsi haqqında" Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Konstitusiya Məhkəməsi hakiminin vəzifədə olması yaş həddinin 70-dən 75-ə qaldırılması təklif edilir. Həmçinin, Konstitusiya Məhkəməsinin 75 yaşına çatmış hakimi bu qurumun yeni hakimi təyin olunanadək, lakin 6 aydan çox olmayan müddətdə vəzifələrini icra etməyə davam edəcək.

Ömürlük hakim təklifi

Müzakirələr zamanı hətta təklif səslənib ki, hakimlər Azərbaycanda ömürlük təyin olunsunlar.

Bu təklifə əsas kimi Azərbaycanda icra başçılarına, digər hakimiyyətdəki şəxslərə yaş məhdudiyyətinin şamil olunmaması göstərilib. Təklifə görə, ya yaş həddi hakimlərdə ömürlük olmalı, ya da bütün hakimlərdə 75-ə qaldırılmalıdır.

Hazırda Azərbaycanda 628 hakim var. Bunu isə bu gün, fevralın 28-də Azərbaycan Hakimlərinin Birinci Forumunda Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov deyib. Onun vurğulamasına görə, son dönəmdə 140-a yaxın hakimliyə namizəd seçilərək müxtəlif birinci instansiya məhkəmələrinə təyinat alıb.

Azərbaycanda dövlət qulluğunda qalmaqla bağlı yaş həddi 65-dir.

Hələ iki il əvvəl Milli Məclisdə müəllimlərin də yaş həddinin 70 qaldırılması təklif edilmişdi. Amma onda bu təklifi çoxluq bəyənməmişdi.

Azərbaycan Konstitusiya Məhkəməsi 9 hakimdən ibarətdir. Hakimlər prezidentin təqdimatı əsasında Milli Məclisdə təyin olunur. Məhkəmənin sədri və sədr müavinini isə prezident təyin edir.