Rumıniya Baş Prokurorluğu prezidentliyə keçmiş namizəd, müxalifətçi siyasətçi Kelin Corceskuya qarşı bir sıra cinayətlər üzrə ittiham irəli sürüb. O, seçkilərdə yenidən iştirak etmək üçün sənədləri verməzdən əvvəl saxlanılıb. Ötən il ilk turda Corcesku qalib gəldikdən sonra seçkilərin nəticələri ləğv edilmişdi.
62 yaşlı Corcesku konstitusiya quruluşuna qarşı fəaliyyətdə, yalan məlumatlar yaymaqda, ksenofob və antisemit qruplar yaratmaqda ittiham olunur. O, məhkəmə nəzarəti altında azadlığa buraxılıb, ölkədən çıxışı və sosial şəbəkələrdə paylaşımları qadağan edilib.
Sağçı populist fikirləri ilə diqqət çəkən Corcesku prokurorluqdan çıxarkən azadlıq uğrunda mübarizəni davam etdirəcəyini deyib. Binanın qarşısında onu yüzlərlə tərəfdar müşayiət edib.
Ona qarşı irəli sürülən ittihamlar üzrə siyasətçini 25 il həbs cəzası gözləyə bilər.
Yerli KİV-in məlumatına görə, Corceskunun tərəfdaşı və mühafizəçisi Horatsio Potra ilə bağlı da istintaq başladılıb. Onun evində axtarış zamanı milyonlarla dollar nağd pul və silah tapıldığı iddia edilir.
Rumıniyada prezident seçkilərinin birinci turu noyabrın 24-də keçirilib. Corcesku 22.9 faiz səslə sürpriz qələbə qazanıb. İkinci turda o, 19.17 faiz səs toplayan liberal siyasətçi Elena Laskoni ilə qarşılaşmalı idi.
Xüsusi xidmət orqanları Rusiyanın sifarişi ilə sağçı namizədlə bağlı qanunsuz təşviqat aparıldığını bildirib. O, bunu inkar edir.
Corcesku Konstitusiya Məhkəməsinin səsvermənin nəticələrinin ləğvi ilə bağlı qərarını "Rumıniya xalqının fundamental dəyərlərinə hücum" adlandırıb.
Corcesku prezident seçkilərinə müstəqil namizəd kimi qatılıb, Rumıniyanın NATO-ya üzvlüyünü və Ukraynaya hərbi dəstəyi tənqid etdiyi üçün "Rusiyayönlü siyasətçi" kimi ad çıxarıb.