İranlı mühacirlər şahın 'baş işgəncəçi'sini məhkəməyə veriblər

Pərviz Sabeti (ortada) 2023-cü ilin fevralında Kaliforniyada İran İslam Respublikasına qarşı mitinqdə.

1970-ci illərdə İranın sonuncu şahı Məhəmməd Rza Pəhləvinin təhlükəsizlik və kəşfiyyat xidməti - SAVAK-ın sədr müavini Pərviz Sabeti məhkəməyə verilib.

Onillikər boyu gizli yaşayandan sonra iki il əvvəl ictimaiyyətə çıxan Sabeti üç keçmiş iranlı müxalif tərəfindən işgəncə və sui-istismar ittihamları ilə milyonlarla dollar məbləğində məhkəmə iddiası ilə qarşı-qarşıyadır.

AzadlıqRadiosunun "Radio Fərda" xidməti fevralın 10-da Florida ştatının Orlando şəhərindəki federal məhkəməyə təqdim olunmuş iddianın surətini əldə edib.

İddiaçılar Sabetinin "İranda işgəncələrin institusional hala gətirilməsinin memarı" kimi tanındığını bildirib və sonralar İran İslam Respublikasının istifadə etdiyi zorakı sorğu-sual taktikalarının təməlini qoymaqda ittiham ediblər.

İddiaçıların kimlikləri təqib ediləcəklərindən qorxduqları üçün açıqlanmır. Onlar 225 milyon dollar məbləğində olan məhkəmə iddiasında SAVAK tərəfindən saxlanıldıqlarını və "döyülmələr, elektrik cərəyanla işgəncə, biləkdən asılma, cinsiyyət orqanlarına ağırlıq asma" da daxil olmaqla işgəncələrə məruz qaldıqlarını bildiriblər.

Digər nəzərəçarpan iddia isə Sabetinin İran İslam İnqilabı Keşikçiləri Korpusu (IRGC) ilə əlaqələri ilə bağlıdır. Lakin iddiaçılar bununla bağlı hər hansı sübut təqdim etməyiblər.

Monarxistlər və Sabetini dəstəkləyənlər, o cümlədən keçmiş yüksəkrütbəli SAVAK rəsmisi Əhməd Farasati bu ittihamları rədd edib. O, "Radio Fərda"ya bildirib ki, Sabeti o qədər yüksək vəzifədə idi ki, faktiki olaraq "baş nazir müavini" kimi fəaliyyət göstərirdi və, əsasən, sorğu-sual və işgəncələrlə deyil, siyasi məsələlərlə məşğul olurdu.

Farasati məhkəmə iddiasında təsvir olunan işgəncə metodları və alətlərinin istifadə olunduğunu təkzib edib, lakin "bəlkə də, ayaqlara şallaq vurulub... amma işgəncə yox, əksinə, etiraf almaq üçün idi" - deyə etiraf edib.

Hüquq müdafiə təşkilatları uzun müddətdir ki, 1957-ci ildə təsis edilmiş SAVAK-ı şah rejiminə qarşı olan müxaliflərə işgəncə verməkdə ittiham edir.

ABŞ Dövlət Departamenti qeyd edir ki, SAVAK İranın ilk belə təşkilatı olub və "ümumiyyətlə, polis, jandarma və hərbi kəşfiyyatın apardığı bəzi funksiyaları öz üzərinə götürüb".

Hüquq müdafiəçisi və "Amnesty International"ın sözçüsü Raha Bahreini "Radio Fərda"ya bildirib ki, "SAVAK-ın cinayətlərinin qurbanları illərdir ədalətdən məhrum edilib".

O bildirib ki, işgəncə qurbanları hələ də "ədalət, həqiqət və cavabdehlik" tələb edir.