Qlobal azadlıq 19-cu ildir sürəkli geriləyir. Ötən il 60 ölkədə siyasi hüquq və vətəndaş azadlıqlarının vəziyyəti pisləşib və yalnız 34 ölkədə yaxşılaşma gözə çarpıb. Bunu "Freedom House" insan haqları təşkilatı 2024-cü ilə aid hesabatında bildirib. Salvador, Haiti, Küveyt və Tunis ötən il daha çox geriləyib. Banqladeş, Butan, Şri-Lanka və Suriyada isə, əksinə, ən böyük irəliləyiş qeydə alınıb.
Hesabata görə, müxtəlif ölkələrdə hüquq və azadlıqların deqradasiyasını doğuran əsas amillər seçkilər zamanı zorakılıq və siyasi rəqiblərə qarşı repressiyalar, davam edən silahlı münaqişə və avtoritar təcrübələrin yayılmasıdır.
"Freedom House" bildirib ki, 2024-cü ildə keçirilən seçkilərdə zorakılıq əsas problem kimi ortaya çıxıb və seçkilərin keçirildiyi 66 ölkə və ərazinin 27-də seçki zorakılığı qeydə alınıb. "Azad ölkələrdə seçkilər, əsasən, rəqabət ortamında və ədalətli şəkildə keçirilsə də, avtoritar ölkə və ərazilərdə seçicilərin həqiqi seçim imkanı az olub. Azərbaycan, Əlcəzair, Rusiya, Ruanda kimi ölkələrdə avtoritar hakimlər siyasi rəqiblərini həbs edərək, cəzalandıraraq və ya namizədlikdən çıxararaq məğlubiyyət ehtimalını aradan qaldırıblar", - hesabatda belə deyilir.
"Freedom House" bildirir ki, 2024-cü ildə repressiyalar daha da dərinləşib və geniş yayılıb. Avtoritar hökumətlərin müxalifəti aradan qaldırmaq səyləri dörd ölkəni "qismən azad" kateqoriyasından "qeyri-azad" kateqoriyasına salıb. Söhbət Tailand, Niger, Küveyt və Tanzaniyadan gedir.
Hesabatda deyilir ki, azadlıq qlobal səviyyədə geriləsə də, bəzi ölkələrdə, demokratiyaya parlaq örnək kimi, siyasi dəyişiklik və ya islahatlar baxımından müsbət irəliləyişlər də qeydə alınıb.
İllik hesabatda bəzi ölkələrdə seçilmiş liderlərin demokratik institutlara, məhkəmə sisteminə və mediaya qarşı fəaliyyətinə də yer verilib. Belə ölkələrdən Cənubi Koreya və Serbiyanın, Slovakiya və Hindistanın adı çəkilib.
Azərbaycan "qeyri-azad"dır
Azərbaycan sözügedən hesabatda "qeyri-azad" ölkələr sırasında yer alıb. Ölkə son 11 ildə 13 pillə geriləyib.
Hesabatda "qeyri-azad" sayılan 67 ölkə və ərazidən 17-si siyasi hüquq və vətəndaş azadlıqları baxımından ən pis toplam xalları var. Bunların sırasında Azərbaycanla yanaşı, Belarus, Myanma, Əfqanıstan, Tacikistan, Şimali Koreya, Türkmənistan kimi ölkələrin adı çəkilir. Həmin ölkələr 2005-ci ildən bəri "Freedom in the World" indeksində ən pis xal toplayan ölkə və ərazilərdir. 2005-ci ildə Azərbaycanın xalı 33 olsa da, ötən il bu göstərici 7-yə düşüb.
Azərbaycanın qonşularından Ermənistanla Gürcüstan "qismən azad", Rusiya, Türkiyə və İran "qeyri-azad" sayılıb.
"Freedom House" ötən hesabatlarında son illər Azərbaycanda dini diskriminasiyanın, müstəqil media və vətəndaş cəmiyyətinə basqıların gücləndiyini vurğulayıb.
Ancaq Azərbaycan hakimiyyəti ölkədə insan haqları pozuntularına dair tənqidləri qəbul etmir, bu tənqidləri dilə gətirən beynəlxalq insan haqları təşkilatını "qərəzli" və "ermənipərəst" adlandırır.