Bu gün, fevralın 27-də Prezident yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.
Komissiyadan yerli saytlara verilən məlumatlara görə, iclasda 100-dən çox müraciətə baxılıb. Qurumdan bildirildiyinə görə, əsasən, qəsdən öldürməyə cəhd, sağlamlığa ağır zərərvurma, adam oğurluğuna cəhd, oğurluq və quldurluqla bağlı cinayətlərdə məhkum olunmuş müraciətlər müzakirəyə çıxarılıb.
Komissiyanın növbəti iclası gələn həftə gözlənir.
2025-ci ildə komissiyanın ilk iclası fevralın 12-də keçirilmişdi, onda da 100-ə qədər müraciətə baxıldığı bildirilmişdi.
Lakin komissiya üzvləri növbəti əfv sərəncamının konkret nə vaxt veriləcəyini bilmirlər. "Bu, cənab prezidentin səlahiyyətindədir. Nə qədər iclas keçiriləcək, nə qədər müraciət var, bununla bağlı heç bir məlumata malik deyiləm. Əgər Əfv Komissiyasının iclasları başlayırsa, bu il ərzində əfv sərəncamı gözlənilə bilər", - komissiya üzvü Əliməmməd Nuriyev bir qədər əvvəl demişdi.
Bununla belə, bəzi hüquq müdafiəçiləri arasında növbəti əfv sərəncamının ya Novruz bayramı (20 mart) və ya Müstəqillik Günü (28 may) ərəfəsində veriləcəyi ilə bağlı gözləntilər var.
Sonuncu belə sərəncam ötən il mayın 25-də, Müstəqillik Günü ərəfəsində imzalanmışdı. Sərəncam 154 nəfərə şamil edilmişdi. Onlardan 63 nəfər azadlıqdan məhrumetmə cəzasından azad edilmiş, 52 şəxsin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılmışdı.
Hüquq müdafiəçilər isə bildirmişdi ki, onların siyasi məhbus kimi tanıdıqları şəxslərin heç birinin adı həmin sərəncama düşməyib.
Xatırlatma
Ümumilikdə 2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30 civarında jurnalist qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Amma onların hamısı ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər. Sonradan onlardan bir çoxunun ittihamı ağırlaşdırılıb.
Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 350 civarında çox siyasi məhbus var. Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir. Onların deməsinə görə, həmin siyahılarda yer alanlar sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.