Rusiyaya məxsus pilotsuz uçuş aparatı Çernobıl Atom Elektrik Stansiyasındakı struktura (AES) zərbə endirib.
Ukrayna prezidenti Volodimir Zelenski fevralın 14-də bildirib ki, Rusiya qüvvələrinə məxsus dron Çernobıl AES-dəki qoruyucu sarkofaqa (beton izolyasiya örtüyü) zərbə endirib və onu "əhəmiyyətli dərəcədə" zədələyib. Lakin AES-də radiasiya səviyyəsində dəyişiklik qeydə alınmayıb.
Zelenski qeyd edib ki, zərbə nəticəsində zədələnən beton sarkofaq Çernobılın dağılmaqda olan dördüncü reaktorunun üzərini örtürdü. O, Rusiyanı belə hücumun mümkün nəticələrinə "tamamilə" etinasız yanaşmaqda ittiham edib.
Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) zədələnməni təsdiqləyib.
Zelenski hücumu "bütün dünyaya terror təhdidi" kimi xarakterizə edib.
Zelenskinin bəyanatı ABŞ prezidenti Donald Trampın müharibəni dayandırmaq üçün rusiyalı həmkarı Vladimir Putinlə danışıqlar aparması səyləri fonunda verilib.
Zelenski bildirib ki, Rusiya hər gecə Ukraynanın infrastrukturuna və şəhərlərinə belə hücumlar həyata keçirir. O, Putini danışıqlara hazırlaşmamaqda ittiham edib.
"O, dünyanı aldatmağa davam etməyə hazırlaşır", – Zelenski vurğulayıb.
Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas da hadisəyə münasibət bildirib.
Aİ-nin baş diplomatı X sosial şəbəkəsindəki paylaşımında Rusiyanı Çernobıl nüvə obyektinə yenidən "məsuliyyətsiz şəkildə" hücumda günahlandırıb.
"Mülki nüvə obyektlərinə edilən belə hücumlar yolverilməzdir. Bu, bir daha sübut edir ki, Rusiya sülh axtarmır", - Aİ rəsmisi vurğulayıb.