Mədəniyyət işçiləri küçə təmizləyir - bu videonu yayan bloqerə 7 il həbs verilib

Arzu Sayadoğlu

Youtube platformasında öz ad-soyadına uyğun kanalında hökuməti tənqid edən bloqer Arzu Sayadoğluya (Məmmədova) 7 il həbs cəzası kəsilib. Gəncə Ağır Cinayətlər Məhkəməsi belə hökm çıxarıb.

Əvvəllər ANS və Tovuzdakı "Türk el" telekanallarında və başqa media qurumlarında çalışmış, son zamanlar bloqer kimi fəaliyyət göstərmiş A.Sayadoğlu Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə təqsirli bilinib. İddia edilir ki, o, əlindəki videonu yaymaqdan ötrü Tovuz rayon Mədəniyyət Mərkəzinin direktoru Asif Qasımovdan 6 min manat istəyib və direktor həmin pulu verməyincə A.Sayadoğlu bu videogörüntüləri yayıb.

Sözügedən videoda Tovuz Mədəniyyət Mərkəzinin tabeliyindəki qurumlarda çalışan şəxslərin (kitabxana işçiləri, kənd klublarının əməkdaşları, incəsənət nümayəndələri və başqalarının) iməciliyə cəlb olunmasından bəhs edilir. Görüntülərdə mədəniyyət işçiləri Nizami adına Abulbəyli kənd folklor evinin həyətyanı sahəsini, küçələri təmizləyir, ot-alaq yığır. İddia edilir ki, onlara nazirin gələcəyi deyilib, imtina edənlər işdən çıxarılmaqla hədələnib.

Tovuzdakı iməcilik 2023-cü il avqustun 7-də gerçəkləşib, görüntülərsə iki həftə sonra yayılıb. Zərərçəkmiş qismində tanınan A.Qasımov da beş ay sonra – ötən ilin yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinə ərizə yazaraq şikayətçi olub. O iddia edir ki, iməcilik olan günün ikinci yarısında A.Sayadoğlu mədəniyyət işçilərinin küçəni təmizlədiyini əks etdirən görüntüləri göstərib və yaymamaqdan ötrü 6 min manat istəsə də, pulu verməkdən imtina edib. Təxminən yarımay sonra dost-tanışından həmin görüntülərin internet kanallarında yayıldığını eşidib, özü də baxıb: "Ondan sonra işçilərin ailə üzvləri də zəng edib mənə irad tutublar. Tabe olduğum mədəniyyət idarəsi və nazirlik səviyyəsində də həmin videoya görə sorğu-sual olundum".

A.Sayadoğlu bildirib ki, A.Qasımov yalan danışır, ondan 6 min manat tələb etməyib. Siyasi sifarişlə həbs edildiyini vurğulayan boqerin sözlərinə görə, bu şəxsdən də vasitəsi kimi istifadə olunur. O bildirib ki, sözügedən video ilk dəfə "Kanal 13"də yayımlanıb.

"Mən də oradan götürüb öz kanalım üçün videoçarx hazırlamışam. Mən bu adamla görüşməmişəm, harada ondan 6 min manat tələb elədim? Tovuzda mədəniyyət işçilərinə küçə təmizlətdirdiyi gün günortadan sonra mən, ümumiyyətlə, Tovuzda yox, Bakıda olmuşam. Bu adam başdan-ayağa yalan danışır", - A.Sayadoğlu məhkəmədə belə deyib.

Bloqerin yaxınları AzadlıqRadiosuna bildiriblər ki, onun haqqında çıxarılmış hökmlə razılaşmadıqlarından apellyasiya şikayəti veriblər.