Bu gün, fevralın 25-də Azərbaycan saytlarında su tariflərinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin faktiki xərclərini tam qarsalamadığı ilə bağlı məlumatlar yayılıb.
Həmin xidmətin rəsmisinə istinadla yayılan məlumatlara görə, bu da su təchizatı sahəsində sürətli inkişafı çətinləşdirir. "Bu səbəbdən tarif sisteminin diferensiallaşdırılması məsələsi gündəmə gələ bilər", - məlumatlarda əlavə edilib.
Azərbaycanda suyun qiyməti sonuncu dəfə 2021-ci il fevralın 1-dən artırılıb. Onda artım 100 faiz olmuşdu. Suyun 1 kubmetr qiyməti kanalizasiya suları ilə birlikdə 1 manata qaldırılmışdı.
Bu açıqlamadan sonra indi bəzi sosial şəbəkə istifadəçiləri arasında suyun qiymətinin yenidən artacağı ilə bağlı narahatlıqlar müşahidə edilir.
Bu il Azərbaycanda elektrik və qaz daxil bir sıra kommunal xidmətlərdə bahalaşma baş verib.