Azərbaycan və Ermənistan arasında videokonfrans formatında görüş keçirilib

Mher Qriqoryan və Şahin Mustafayev

Fevralın 14-də Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə iki ölkənin dövlət sərhədinin delimitasiya və təhlükəsizliyi məsələləri üzrə komissiyaları çərçivəsində videokonfrans formatında işçi görüş keçirilib.

Bu barədə Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının Katibliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, görüşdə tərəflər delimitasiya işlərinin həyata keçirilməsi üçün tələb olunan təlimat layihələrini müzakirə edib: "Həmçinin komissiyaların növbəti əyani görüşünün təşkili ilə bağlı məsələlər üzrə fikir mübadiləsi aparıblar. Tərəflər növbəti görüşün tarixini və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər".

16 yanvar

Azərbaycan və Ermənistanın baş nazir müavinləri görüşdülər

Yanvarın 16-da Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevlə ermənistanlı həmkarı Mher Qriqoryanın sədrliyi ilə iki ölkənin dövlət sərhədinin delimitasiya və təhlükəsizliyi məsələləri üzrə komissiyalarının 11-ci görüşü keçirilib.

AZƏRTAC-ın məlumatına görə, görüş iki ölkənin sərhədində gerçəkləşib, tərəflər növbəti mərhələdə delimitasiya işlərinin aparılması üçün fikir mübadiləsini davam etdiriblər.

"... Kompleks işlərin şimal sahəsindən başlayaraq Azərbaycan, Ermənistan və Gürcüstanın sərhədlərinin qovuşma nöqtəsi ərazisindən cənub istiqamətində, şimaldan cənuba, Azərbaycan və Ermənistanın İran İslam Respublikası ilə sərhədinə qədər başlanması barədə razılığa gəliblər", - məlumatda deyilir.

Sözügedən komissiyaların bundan əvvəlki görüşü ötən il noyabrın 1-də olmuşdu.

Xatırlatma

Ermənistanla Azərbaycan arasında konflikt 30 ildən çoxdur davam edir. 2020-ci il 44 günlük müharibə və 2023-cü il sentyabrında Qarabağdakı əməliyyatlardan sonra Azərbaycan ərazi bütövlüyünü təmin etdiyini açıqlayıb. Tərəflər arasında 44 günlük müharibədən sonra həm Avropa İttifaqının və həm də Rusiyanın vasitəçiliyi ilə ayrılıqda aktiv sülh danışıqları aparılsa da, hələlik, yekun nəticə əldə etmək mümkün olmayıb. Bununla belə, həm Bakı, həm də Yerevan sülh sazişini imzalamaq niyyətində səmimi olduqlarını və artıq müqavilənin böyük hissəsinin razılaşdırıldığını deyirlər. Üstəlik, iki ölkə arasında son illər sərhəd məsələləri ilə bağlı birbaşa danışıqlar aparılır. Bu məsələdə də bir xeyli irəliləyiş əldə edildiyi vurğulanır.