AXCP: Üzvümüzə 30 sutka verilib

Əkrəm Şabi

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Xətai rayon şöbəsinin üzvü Əkrəm Şabinin fevralın 21-də polisin qanuni əmrinə tabe olmamaq maddəsi ilə 30 sutkalıq inzibati qaydada həbs edildiyi bildirilir.

Bu partiyanın sədri Əli Kərimlinin vurğulamasına görə, Ə.Şabi son üç ayda inzibati qaydada həbs olunmuş 11-ci AXCP fəalıdır. Partiya ittihamı siyasi sayır.

Hələlik, AXCP-nin açıqlamasına Daxili İşlər Nazirliyi (DİN) və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Hazırda müxalifətdə olan AXCP-nin 12 üzvü uzunmüddətli həbsdədir. Onlar müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların hamısının siyasi sifarişlə həbs edildiyini açıqlayıb. Bəzi yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahıya görə, hazırda Azərbaycan həbsxanalarında 350 civarında çox siyasi məhbus var. Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbus olması ilə bağlı deyilənləri qəbul etmirlər. Onlar vurğulayırlar ki, siyasi məhbus siyahısında yer alan şəxslər sırf törətdikləri əmələ görə mühakimə ediliblər.