Abxaziyada Kremlin dəstəklədiyi namizəd qalib elan olunub

Badra Qunba

Hüquqi cəhətdən Gürcüstanın bir hissəsi olan, lakin Rusiya tərəfindən dəstəklənən separatçı Abxaziya regionunda keçirilən prezident seçkilərinin ikinci turunda Kremlin favorit namizədi Badra Qunba qalib gəlib. Bu barədə regionun de-fakto seçki qurumu martın 2-də məlumat yayıb.

47 yaşlı Qunba fevralın 15-də keçirilən birinci turda qələbə üçün tələb olunan səs çoxluğunu toplaya bilmədiyi üçün ikinci tura qalıb. O, ikinci turda Rusiya ilə bağlı iqtisadi siyasəti tənqid edən rəqibi Adqur Ardzinba ilə üzləşib.

Seçici fəallığının 70 faiz olduğu bildirilən seçkilərdə Qunba səslərin təxminən 55 faizini toplayaraq qalib gəlib, Ardzinba isə 41.5 faiz səs alıb. Lakin bu rəqəmlərin həqiqiliyini müstəqil şəkildə təsdiqləmək mümkün olmayıb.

Əvvəllər vitse-prezident vəzifəsində çalışan B.Qunba noyabrın 19-da Aslan Bjaniyanın istefasından sonra müvəqqəti lider vəzifəsini icra etməyə başlayıb. Bjaniya Rusiya ilə imzalanan investisiya sazişinə qarşı kütləvi etirazlar fonunda vəzifəsindən getmişdi. Müxalifət bu sazişin Abxaziyanın onsuz da zəif olan statusunu daha da təhlükə altına atacağından narahat idi.

Keçmiş de-fakto iqtisadiyyat naziri (2015–2020) və Abxaz Xalq Hərəkatının lideri olan Ardzinba isə seçki kampaniyasında Rusiya ilə investisiya sazişinə qarşı olduğunu vurğulasa da, Moskva ilə yaxın əlaqələri davam etdirməyə söz vermişdi. Bununla belə, Rusiyanın hökumətyönlü mediası onu "Türkiyəyönlü" namizəd kimi təsvir edirdi.

Tənqidçilər investisiya sazişini "istismarçı" adlandıraraq onun Rusiya investorlarına həddindən artıq üstünlüklər verdiyini və Abxaziyanın suverenliyini zəiflədəcəyini iddia ediblər. Daha sonra sözügedən saziş regionun de-fakto parlamenti tərəfindən rədd edilib.

Gürcüstan Xarici İşlər Nazirliyi Rusiyanın işğal etdiyi Abxaziyada keçirilən "qondarma" prezident seçkilərini pisləyib və beynəlxalq ictimaiyyəti Moskvanın davam edən qanun pozuntularına qarşı reaksiya verməyə çağırıb.

Avropa İttifaqı (Aİ) da birinci turdan sonra verdiyi bəyanatda Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə dəstəyini bir daha vurğulayıb. Aİ Abxaziyada keçirilən "qondarma" prezident seçkilərinin hüquqi və konstitusiya çərçivəsini tanımadığını bildirib.

Moskva B.Qunbanın namizədliyini və onun qalibiyyətini alqışlayıb. Seçkilərdən sonra Rusiya prezidenti Putin Qunbanı təbrik edib.

Xatırlatma

Abxaziya və Cənubi Osetiya Sovet İttifaqı dağıldıqdan sonra - 1990-cı illərin əvvəllərində Gürcüstandan ayrıldığını elan edib. 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsindən sonra Rusiya Abxaziyanın müstəqilliyini tanısa da, beynəlxalq ictimaiyyət bu regionu hələ də Gürcüstanın bir hissəsi kimi tanıyır.

Ərazi siyasi və iqtisadi baxımdan Rusiya ilə sıx əlaqədə olsa da, bəzi abxazlar Moskvanın artan təsirini tənqid edirlər.