Tramp: Ukraynaya təhlükəsizlik zəmanətini Avropa verməlidir

Görünür, Ağ ev Kiyevlə kritik minerallarla bağlı razılığa gəlmək üçün səylərini ikiqat artırıb.

ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenskinin fevralın 28-də Vaşinqtona səfər edəcəyini təsdiqləyib. Tramp fevralın 26-da hökumətin ilk iclasında bu haqda danışıb.

Ancaq Tramp Kiyevə təhlükəsizlik qarantiyaları verməsi barədə danışarkən vurğulayıb ki, o, Ukraynaya olanından artıq təhlükəsizlik zəmanəti vermək fikrində deyil: "Bunu Avropadan xahiş edəcəyik".

Əvəzində Tramp əlavə edib ki, ABŞ-nin Ukraynanın təbii ehtiyatlar sektorunda iştirakı "avtomatik" təhlükəsizlikdir. "Biz oradayıqsa, heç kəs bizim adamlara dəyib dolaşmayacaq", – o əlavə edib.

ABŞ prezident nadir torpaq elementləri üzrə çərçivə sazişini hər iki tərəf üçün "faydalı" sayıb.

Buna da bax: Eksklüziv: ABŞ-Ukrayna minerallar sazişində nələr var

Nadir torpaq elementləri Ukraynada sülh səylərində önə çıxır

  • Zelenski bu həftə Vaşinqtonda nadir torpaq elementləri sazişini imzalaya bilər
  • Sazişdə təhlükəsizik qarantiyaları olmasa da, Ukraynaya dəstək ifadə olunur
  • Ukraynanın malik olduğu mineral ehtiyatların həcmi nə qədərdir

Bir neçə həftə öncəyədək nadir torpaq elementləri, vacib minerallar, digər təbii resurslar Rusiyanın Ukraynada apardığı təcavüzkar müharibəni bitirmək səylərində əlavə amilə çevrilirdi.

İndi isə onlar ön plana keçir, ABŞ-nin Kiyevlə danışıqlarında aparıcı yer tutmağa başlayır. Həm də təkcə onların deyil, Moskva, Avropa İttifaqı, digərlərinin də qatıldığı diplomatiyanın ana xəttinə keçir.

AzadlıqRadiosunun Rusiya/Ukrayna/Belarus üzrə redaktoru Stiv Qatterman bu haqda yazır.

Detallar

Fevralın 25-də verilən açıqlamalardan belə bəlli olur ki, çərçivə sazişi razılaşdırılıb və Ukrayna prezidenti Volodimir Zelenski bu həftə Vaşinqtona onu imzalamağa gedəcək.

Saziş Ukraynanın kritik mineralları, eləcə də neft-qaz daxil digər təbii resurslarının birgə işlənməsini nəzərdə tutur. Bu haqda çoxsaylı xəbər agentlikləri Ukrayna hökumətində adlarını çəkmədiyi mənbələrə istinadla yazır. Verilən bilgilərə görə, razılaşma daha geniş iqtisadi sazişin çərçivəsidir.

Razılaşmada ABŞ-nin konkret təhlükəsizlik zəmanətlərinin, yaxud əlavə hərbi yardımının nəzərdə tutulub-tutulmadığı bəlli deyil, - "Reuters" yazır. Amma "The Associated Press" Ukrayna hökumətinin rəsmisinə istinadla yazıb ki, bu razılaşmanın imzalanması Ukraynaya çox gərəkən hərbi dəstəyin davamlı axınını təmin edəcək.

ABŞ-dən rəsmi təsdiq gəlməyib, amma prezident Donald Trampın dediyinə görə, Zelenski sazişi imzalamaqdan ötrü Vaşinqtona getmək istəyir.

Tramp Ağ evdə jurnalistlərə bunun "çox böyük" saziş olduğunu, "nadir torpaq və digər şeyləri" əhatələdiyini söyləyib.

Hökumətin də tövsiyə edəcəyi gözlənir

"Bloomberg" daha öncə yazmışdı ki, Ukrayna hökuməti fevralın 26-da sazişi imzalanmaq üçün tövsiyə edəcək. "Reuters" iki mənbəyə istinadla Zelenskinin fevralın 28-də Trampla görüşmək üçün Vaşinqtona getməyi planlaşdırdığını bildirib.

CNN-in Ukrayna hökumət rəsmisinə istinadla yazdığına görə, "qəbuledilməz detallar" mətndən çıxarılandan sonra Ukrayna onu imzalamağa razılaşıb.

"The Financial Times" yazırdı ki, ABŞ resursların istismarından potensial 500 milyard dollarlıq gəlirə iddia etmək tələblərindən əl çəkəndən sonra Kiyev sazişi imzalamağa hazırdır. Ancaq qəzet saziş layihəsində ABŞ-dən konkret təhlükəsizlik təminatları verilmədiyini də qeyd edir. Kiyevin əvvəlki versiyalarla bağlı əsas iradlarından biri məhz bu idi.

Tramp Ukraynanın nadir torpaq və digər elementləri üzrə saziş istədiyini fevralın 3-də açıqlamışdı. Bu isə ABŞ-nin indiyədək göstərdiyi on milyardla dollarlıq hərbi yardım qarşılığında vacib minerallara çıxış istəmək idi. Zelenski isə Münxen Təhlükəsizlik Konfransında dedi ki, konkret təhlükəsizlik qarantiyaları olmadığı üçün ABŞ-nin ilkin təklifini rədd edib.

Tramp fevralın 24-də deyib ki, yaxın iki həftə ərzində Zelenskinin sazişi imzalamaqdan ötrü Vaşinqtona gələcəyini gözləyir. Bundan bir neçə saat sonra Rusiya prezidenti Vladimir Putin nadir torpaq elementləri üzrə hökumətin iclasında ABŞ-yə Rusiyanın ehtiyatlarını birgə işləməyi təklif etdi: "Şübhəsiz ki, bizim Ukraynadakından daha çox belə resurslarımız var".

Putindən öncə Tramp sülh sazişi imzalanarsa, ABŞ-Rusiyanın daha sıx iqtisadi əməkdaşlıq edə biləcəyini demişdi. Onun sözlərinə görə, potensial nadir torpaq istismarı sazişinə Ukraynanın şərqində Rusiyanın nəzarətində olan Donbasdakı ehtiyatlar da salına bilər.

Mineral ehtiyatlar

Ukrayna həmin ərazidə 350 milyard dollarlıq faydalı vacib materialın olduğunu bildirib.

Rusiyanın 3.8 milyon metrik ton həcmində nadir torpaq rezervləri dünyada beşinci yerdədir, bunu ABŞ Geoloji Xidməti bildirir. Ukraynanın tammiqyaslı işğalı başlayandan Rusiyanın nadir mədən və hasilat şirkətləri milliləşdirilib və hazırda "Rosatom" dövlət nüvə şirkətinin nəzarətindədir. AzadlıqRadiosunun "Sistema" araşdırma bölməsi bu şirkətin Putinin dostu Mixail Kovalçuka bağlı olduğunu üzə çıxarıb.

Nadir torpaq elementlərinə 17-dək mineral daxildir, onların sırasında ittrium, serium və lantan var, Yer səthində az miqdarda tapılır. Batareya, kompüter, smartfonlar, maqnit, elektrik maşınları, yüksək texnologiya silahlarında istifadə olunur.

Ukrayna isə bildirir ki, ABŞ-nin öz iqtisadiyyatı və milli təhlükəsizliyi üçün vacib saydığı 50 mineraldan yarısının ehtiyatlarına malikdir. Buraya litium, titan, daha sonra kömür, dəmir filizi, neft və qaz da daxildir.

ABŞ rəsmiləri minerallarla bağlı sazişin Ukraynanın təhlükəsizliyini gücləndirəcəyini deyir. Zelenski isə vurğulayıb ki, atəşkəs, yaxud sülh sazişi imzalanacağı halda, Kiyevə güclü və etibarlı təhlükəsizlik qarantiyaları lazımdır.

500 milyard dollarlıq tələb

Amma Vaşinqtonun səsləndirdiyi məbləğlər Kiyevi mat qoyub. Tramp bu ayın əvvəlində deyib ki, 500 milyard dollarlıq nadir elementlər istəyir. Zelenski isə vurğulayıb ki, ABŞ-nin müharibə dövrü yardımı 500 milyard dollardan aşağı olub və pulun da çox hissəsi ABŞ silah istehsalçılarına gedib.

"The Financial Times" sazişin yekun versiyasını gördüyünü, orada 500 milyardlıq tələbin yer almadığını yazıb. Qəzetin bildirdiyinə görə, saziş çərçivəsində fond yaradılacaq, Ukrayna neft-qaz daxil olmaqla dövlətə məxsus mineral ehtiyatların gələcək monetizasiyasından əldə olunacaq vəsaitin 50 faizini oraya yönəldəcək, fond isə "Ukraynada layihələrə yatırım edəcək".

Layihədə konkret təhlükəsizlik qarantiyaları olmasa da, AFP Ukraynanın "vəzifəli" mənbəsinə istinadla yazır ki, "Amerikanın sabit və çiçəklənən suveren Ukraynaya sərmayə qoyacağı, davamlı sülh naminə çalışacağı, Amerikanın təhlükəsizliyi təmin etmək səylərini dəstəkləyəcəyi ilə bağlı ümumi müddəa var".

Aİ-Ukrayna memorandumu

ABŞ və Aİ arasında Rusiya və Ukraynadakı müharibə ilə bağlı gərginlik yaşandığı bir vaxtda blokun Aİ və Ukrayna arasında ayrıca saziş təklif etdiyi deyilir. Bunu AFP Aİ rəsmisinə istinadla yazıb. Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen fevralın 24-də, işğalın üçüncü ildönümündə Kiyevə getmişdi.

"Avropaya gərəkən 30 vacib materialdan 21-ni Ukrayna bərabər tərəfdaşlıq çərçivəsində verə bilər", – AFP Avropanın sənaye strategiyası üzrə komissarı Stefan Sejurneyə istinadla yazıb.

Ancaq komissiyanın sözçüsü Aİ tərəfdən təklif olmadığını deyib, 2021-ci ildə anlaşma memorandumu imzalanandan blokun Ukrayna ilə vacib minerallar üzrə tərəfdaşlıq etdiyi açıqlanıb.

Amma Aİ-nin AzadlıqRadiosuna anonimlik şərtiylə danışan aparıcı rəsmisi deyib ki, Fon der Lyayen və Avropa Komissiyası "bu məsələdə ABŞ-yə meydan oxumaq istəsə, o, təəccüblənər".

AzadlıqRadiosunun Avropa redaktoru Rikard Yozvyak da bu məqaləyə töhfəsini verib.