Keçid linkləri

2025, 04 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:59

Zelenski Ağ evi erkən tərk etdi. Tramp: 'Sülhə hazır olanda qayıda bilər' [Video]


Zelenski və Tramp
Zelenski və Tramp

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampla uğursuz danışıqlardan sonra Vaşinqtonda Ağ evi vaxtından əvvəl tərk edib. Tramp deyib ki, Zelenski "Birləşmiş Ştatlara hörmətsizlik edib" və "sülhə hazır olanda qayıda bilər".

Görüşün yekunlarına dair birgə konfrans ləğv olunub.

"Fox News"un Ağ ev müxbiri Jak Heynrixin məlumatına görə, ABŞ və Ukrayna arasında nadir torpaq metalları üzrə sazişin imzalanması ləğv edilib.

Görüşdən sonra Tramp "Truth" sosial şəbəkəsində paylaşım edərək Zelenskinin sülhə hələ hazır olmadığını bildirib: "...Emosiya altında söhbətdə bəzən heyrətamiz şeylər üzə çıxır və indi əminəm: prezident Zelenski Birləşmiş Ştatların iştirakı ilə sülhə hazır deyil. O hesab edir ki, bizim dəstəyimiz ona ciddi üstünlük verir. Ancaq üstünlüklərə ehtiyacım yoxdur- mən SÜLH istəyirəm. Oval kabinetdə o, Birləşmiş Ştatlara hörmətsizlik etdi. O, həqiqətən sülhə hazır olanda qayıda bilər".

Zelenski Trampla birgə mətbuat konfransı ləğv olunduqdan sonra Ağ evi tərk edir.
Zelenski Trampla birgə mətbuat konfransı ləğv olunduqdan sonra Ağ evi tərk edir.

Ağ evdə Trampla Zelenski arasında mübahisə düşdü

Fevralın 28-də ABŞ prezidenti Donald Tramp Vaşinqtonda Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb. Oval kabinetdəki mətbuat konfransı yüksək tonlarla başa çatıb. Jurnalistlər qarşısında çıxışı zamanı Zelenskinin Kiyevin atəşkəsə hazır olmadığını və Vaşinqtondan təhlükəsizlik zəmanətinə ehtiyacı olduğunu deməsindən sonra Ukrayna və ABŞ prezidentləri arasında mübahisə başlayıb.

"Bizə yalnız atəşkəs lazım deyil... Mən Makron və Merkelin iştirakı ilə artıq Putinlə saziş imzalamışam. Burada hansı diplomatiyadan söhbət gedir?", - "RBK-Ukrayna" Ukrayna prezidentindən sitat gətirir.

Buna cavab olaraq Tramp bəyan edib ki, Ukrayna "müharibənin əvvəlindən əlverişsiz mövqedədir" və Birləşmiş Ştatlara "minnətdar olmalıdır", Ukrayna hakimiyyəti Ağ evə Kiyevin atəşkəs istəyib-istəmədiyini "deyə bilməz".

Tramp əlavə edib ki, Kiyev sülh bağlayarkən kompromislərə getməli olacaq: "Bizsiz əlinizdə heç bir kart yoxdur, bizə minnətdar olmalısınız. Biz ölkənizi xilas etmək və müharibəni dayandırmaq istəyirik. "Mən müharibəni dayandırmaq istəmirəm" deyə bilməzsiniz. Sizə 350 milyard dollar verdik, amma yenə də minnətdar deyilsiniz. Bizə nəyisə diktə etməyə haqqınız yoxdur. İndi çox əlverişli bir vəziyyətdə deyilsiniz".

"Mən bura kart oynamaq üçün gəlməmişəm", - Zelenski cavab verib.

Zelenskinin səfərindən qabaq Tramp əvvəllər "seçkisiz diktator" adlandırdığı və müharibəni başlatmaqda günahlandırdığı Ukrayna prezidenti ilə bağlı açıqlamalarını yumşaldıb. BBC-dən Kris Meysonun Zelenskinin "diktator" olduğuna hələ də inanıb-inanmadığı sualına Tramp belə cavab verib: "Mən bunu demişəm? Bunu deyə biləcəyimə inana bilmirəm".

Xatırlatma

2022-ci il fevralın 24-də Rusiya Ukraynaya yenidən təcavüzə başlayıb. Doqquz il əvvəl də Rusiya Ukraynanın bir hissəsini-Krımı tutmuşdu. Onda Rusiyaya sanksiyalar tətbiq edilməyə başlanmışdı. Yeni müharibədən sonra Qərb və dünyanın bir sıra ölkələri Rusiyaya sanksiyaları genişləndirib.

"The Wall Street Journal" nəşrinin mənbələrinin məlumatına görə, ikinci prezidentliyinin başlanğıcında D.Tramp Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloqa müharibəyə 100 gün ərzində son qoymağı tapşırıb.

XS
SM
MD
LG