Keçid linkləri

2025, 04 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:23

Qalmaqallı Endryu Teyt Rumıniyanı tərk edərək ABŞ-yə gedib


Endryu Teyt və qardaşı Tristan Teyt
Endryu Teyt və qardaşı Tristan Teyt

Mübahisəli internet fenomeni Endryu Teyt və qardaşı haqlarında insan alveri və cinsi istismarla bağlı araşdırma aparılan Rumıniyanı tərk edərək ABŞ-a gediblər.

G4media.ro və BBC hava limanı mənbələrinə istinadən yazıb ki, Rumıniyada ev dustaqlığında olan, ikili - Britaniya və ABŞ vətəndaşlığına sahib Teyt qardaşları fevralın 27-də erkən saatlarda xüsusi təyyarə ilə Floridaya yola düşüblər.

Rumıniyanın mütəşəkkil cinayətkarlığa qarşı mübarizə aparan prokurorluq orqanı - DIICOT 2022-ci ilin dekabrında insan alveri şübhəsi ilə həbs edildikdən sonra E.Teyt, qardaşı Tristan Teyt və iki rumın qadına qarşı ittihamlar irəli sürüb.

Bu ayın əvvəllərində yayılan media xəbərlərində Tramp administrasiyasının Teyt qardaşlarına tətbiq olunan məhdudiyyətlərin ləğv olunması üçün Buxarestə təzyiq göstərdiyi bildirilib. Lakin Rumıniyanın xarici işlər naziri keçən həftə ABŞ-dən hər hansı təzyiq olduğunu inkar edib.

E.Teyt avqustda ev dustaqlığına alınıb, qardaşı Tristan isə 30 gün müddətinə məhkəmə nəzarətinə götürülüb. Onlar, Rumıniyanın hüquq-mühafizə orqanları tərəfindən yeni ittihamlarla bağlı araşdırma çərçivəsində dindiriliblər. Cinayət araşdırması zamanı prokurorlar şübhəlilərin sosial mediada yayımlanan məzmundan maliyyə qazancı əldə etmək üçün yeddi qadını zorla cinsi istismara məruz qoyduqlarını bildirib.

Qardaşların yaşadığı evlərdə ittihamlarla bağlı araşdırmalar aparılıb və dindirmələr həyata keçirilib. DIICOT o vaxt bildirib ki, yeni ittihamlar arasında cinayət qrupu yaratmaq, azyaşlıların alveri, azyaşlı ilə cinsi əlaqə, ifadə azadlığının məhdudlaşdırılması və pul yuyulması kimi ittihamlar da yer alır.

Teyt qardaşları və iki qadın keçən il rəsmi olaraq ittiham olunub və Buxarest Tribunalı məhkəmə prosesinin başlaya biləcəyini qərara alıb, lakin məhkəmə ilə bağlı dəqiq tarix müəyyən edilməyib.

İstintaqla əlaqədar onların Rumıniyadan çıxışlarına qadağa qoyulub, onlar Rumıniyadakı məhkəmə prosesi başa çatdıqdan sonra Böyük Britaniyaya ekstradisiya edilməli idilər.

Teyt qardaşları Britaniyada zorakılıq və insan alveri ittihamları ilə üzləşirlər. Ötən ilin dekabrında məhkəmə qərar çıxarıb ki, polis ödənilməmiş vergi borclarına görə Teyt qardaşlarından 2.6 milyon funt sterlinq məbləğində pulu müsadirə edə bilər.

Onlar bütün ittihamları rədd edirlər.

XS
SM
MD
LG