Ermənistan Xarici İşlər Nazirliyi (XİN) fevralın 28-də bildirib ki, Bakıda erməni hərbi əsirlərə, girovlara və digər saxlanılan şəxslərə qarşı qadağan olunmuş üsullardan istifadə barədə məlumatlar almağa davam edirlər.
Bəyanatda vurğulanır ki, Azərbaycan mediasında 23 əsirin məhkəmə proseslərindən videoların, fotoların dərci, habelə fiziki, psixoloji təzyiq, işgəncə və onların sağlamlığının kəskin pisləşməsi barədə məhkumların vəkillərinin yaydıqları məlumatlar "dərin narahatlıq" doğurur.
Məhkəmə proseslərini "səhnələşdirilmiş" adlandıran Yerevanın açıqlamasına görə, "Azərbaycan hakimiyyəti... bu tamaşadan Ermənistana siyasi təzyiq və ictimai rəyin manipulyasiyası vasitəsi kimi istifadə edir".
Azərbaycan XİN-in cavabı
"Bu kritik dönəmdə Azərbaycan hərbi cinayətlər törədənlərin məsuliyyətə cəlb edilməsi də daxil regionda sülh səylərinə xələl gətirən əsassız bəyanatlardan Ermənistan tərəfinin çəkinəcəyini gözləyir". Bu fikir Azərbaycan XİN-in Ermənistan XİN-in Bakıda erməni məhbusların və müharibə cinayətlərində ittiham olunan şəxslərin məhkəmə prosesi ilə bağlı bəyanatına dair şərhində yer alıb.
Yerevanın bəyanatlarını "əsasız" sayan rəsmi Bakı təqsirləndirilən şəxslərin bütün hüquqlarının lazımi qaydada təmin, vəzifələrinin isə izah olunduğunu vurğulayır: "Azərbaycanda məhbuslara qarşı qəddar rəftarla bağlı iddialar müstəqil şəkildə araşdırılıb və bu iddialar yalandır. Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələrinin səfərləri, ailə üzvləri ilə telefon və video əlaqələri həyata keçirilib. Sonuncu dəfə belə görüş fevral ayında təşkil olunub".
XİN qarşısında etiraz
Fevralın 28-də Yerevanda Ermənistan XİN-in binası qarşısında Ruben Vardanyanın müdafiəsi ilə bağlı aksiya keçirilib. Onlar əllərində Qarabağ separatçılarının keçmiş "dövlət naziri" Ruben Vardanyanın işi üzrə Bakıda keçirilən son məhkəmə iclasından fotoları tutublar.
"Ermənistanın açıq xarici siyasət gündəliyi olmalıdır. Bizim xarici siyasət gündəliyimizə Bakıdakı məhbusların qaytarılması məsələsi daxil edilməlidir ki, bu da gerçəkləşdirilmir", - Vardanyanın tərəfdarlarından biri, "Həyat üçün Torpaq" partiyasının həmtəsisçisi Mesrop Arakelyan bildirib.
Vardanyanın 10 gündür ac qalmasına baxmayaraq, məhkəmə iclasında iştiraka məcbur edildiyini, üzündə işgəncə izlərinin olduğunu və iclas zamanı səhhətinin pisləşdiyini vurğulayan Arakelyan Ermənistanın bu məsələni beynəlxalq forumlarda qaldırmalı olduğunu bəyan edib.
Aksiyada səslənən iddialara da rəsmi Bakı, hələlik, münasibət bildirməyib. Amma bundan əvvəlki rəsmi açıqlamalarda oxşar ittihamlar təkzib edilib.
25 fevral
Yerevan Qarabağ separatçılarının məhkəməsini tənqid edir
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Qarabağdakı keçmiş tanınmamış separatçı qurumun həbsdə olan liderlərinin məhkəməsini ilk dəfə tənqid edib.
Mirzoyan BMT İnsan Hüquqları Şurasının Cenevrədə keçirilən sessiyasında çıxış edərkən bu barədə danışıb. O, həmçinin rəsmi Bakının Ermənistanın ərazi bütövlüyünü tanımaq istəməməsindən də şikayətlənib.
"Bir il əvvəl bəyanatımda Ermənistanın qarşılaşdığı çətinliklərə geniş istinad etmişdim. Təəssüf ki, ölkəmizin böyük səylərinə baxmayaraq, həmin çətinliklərin əksəriyyəti hələ də həll olunmamış qalır. 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında qarşılıqlı olaraq ərazi bütövlüyünün tanınmasına baxmayaraq, şərq qonşumuzdan gələn bəyanatlar Ermənistanın ərazi bütövlüyünü sual altına almaqda davam edir. Bundan əlavə, hazırda 23 erməni şəxsə qarşı saxta məhkəmə prosesləri aparılır. Onlar Azərbaycanda əsassız olaraq saxlanılır və bu məhkəmələr ədalətli hüquqi prosedur standartlarına hörmətsizlik nümayiş etdirir", - Ermənistanın XİN rəhbəri deyib.
20 fevral
Ruben Vardanyan yenidən aclıq aksiyası elan edib
Azərbaycanda həbsdə olan milyarder, Qarabağdakı separatçıların keçmiş "dövlət naziri" Ruben Vardanyan növbəti dəfə aclıq aksiyasına başlayıb.
O, bu barədə fevralın 19-da ailəsi vasitəsilə yayılan bəyanatında bildirib.
"Bu, mənim beynəlxalq və Azərbaycan prosessual hüququnun kobud şəkildə pozulmasına cavabımdır. Məhkəmə zalında baş verənlərə "məhkəmə" demək olmaz – bu, mənim ədalətli mühakimə hüququmun nümayişkaranə şəkildə gözardı olunduğu siyasi şoudur", - Vardanyan deyib.
R.Vardanyan "hüquqi prosesin kobud şəkildə pozulması" ilə üzləşdiyini, nə ona, nə də vəkili Avraam Bermana cinayət işinin 422 cildi ilə tanış olmaq imkanı verildiyini bildirib: "Üstəlik, beynəlxalq hüquq qrupuma mənimlə əlaqə saxlamaq və ya mənimlə görüşmək qadağan edilib. Onların heç bir iş materialına çıxışı yox idi".
Azad olunması tələbi ilə Vardanyan keçən ilin aprelində də aclıq aksiyası keçirmişdi. Amma Azərbaycanın müvafiq orqanları onun həyat yoldaşı Veronika Zonabendlə telefonla danışmasına icazə verdikdən sonra o, aksiyasını dayandırmışdı.
18 fevral
Vardanyan məhkəmədə sualları cavablamaqdan imtina etdi
Azərbaycanda həbsdə olan erməni milyarder, Qarabağdakı separatçıların keçmiş "dövlət naziri" Ruben Vardanyan Bakıda keçirilən məhkəməsində etiraz olaraq hakimin "özünüzü təqsirli bilirsinizmi" sualını cavablamaqdan imtina edib.
Bu işə Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev və iki hakimdən – Anar Rzayevlə Camal Ramazanovdan ibarət kollegiya baxır. Təqsirləndirilən şəxs hakimlərdən narazıdır və fevralın 17-də keçirilən məhkəmə iclasında onlara yenidən yazılı etirazını verib. Onun fikrincə, bu məhkəmə heyəti obyektiv və ədalətli deyil, işinə düzgün baxmır, qaldırdığı vəsatətlər təmin olunmur.
Ötən iclasda verilmiş etiraz kimi, bunun da baxılmamış saxlanmasına qərar verilib. Hakimlər bildiriblər ki, Vardanyan onlara etirazını yetərincə əsaslandıra bilməyib.
R.Vardanyana Cinayət Məcəlləsinin 100-cü (təcavüzkar müharibə başlama və ya aparma), 107-ci (əhalini deportasiya etmə və məcburi köçürmə), 115.2-ci (müharibə qanunlarını və adətlərini pozma), 116-cı (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120-ci (qəsdən adam öldürmə) və başqa maddələriylə ittiham verilib.
R.Vardanyana ittiham verilən maddələrdə 20 ilədək və ya ömürlük həbs nəzərdə tutulub.
14 fevral
Vardanyan dövlət hesabına vəkildən imtina etdi
Fevralın 13-də keçirilən məhkəmə iclasında Ruben Vardanyan dövlətin ona verdiyi vəkildən imtina edib. O, hüquqlarını yalnız öz vəkilinin qorumasını istəyib.
Bakı Hərbi Məhkəməsinin hakimlərindən ibarət kollegiyanın idarə etdiyi məhkəmədə R.Vardanyanın iki vəkili vardı. O, bunlardan biri olan Avraam Bermanla öz istəyi ilə müqavilə bağlayıb, digərini – Azər Məhərrəmovu isə Azərbaycan dövləti təyin edib.
Məhkəmə dövlət hesabına müdafiəçidən imtinanı qəbul edib.
28 yanvar
Bakıda məhkəmə önünə çıxarılan Vardanyan: 'Mənə 1 ay vaxt verin...'
Bakıda həbsdə olan erməni milyarder, Qarabağdakı separatçıların keçmiş "dövlət naziri" Ruben Vardanyan müdafiə hüququnun pozulduğunu iddia edir. O, haqqındakı cinayət işinin materiallarıyla tam şəkildə tanış ola bilmədiyini söyləyir.
R.Vardanyan bildirib ki, iş materiallarıyla tam tanış olmadan müdafiəsini qurması mümkün deyil. Bu üzdən, materiallarla tanışlıqdan ötrü bir ay vaxt istəyib: "Hüquqi baxımdan müdafiəyə hazır olmalıyam".
Milyarderin vəkili Avraam Berman iş həcminin böyüklüyündən öncə verilmiş 10 gün vaxtın yetmədiyini bildirib. O, müvəkkilinə müdafiəsinə hazırlaşmaq üçün yenidən vaxt verilməsini istəyib və bundan ötrü vəsatət qaldırıb.
Buna etiraz edən prokuror deyib ki, ötən iclasda Vardanyan vaxt istədi, ona 10 gün verildi. Yenidən vaxt istəmək "gərəksiz yerə məhkəməni uzatmaq" anlamına gəlir.
Vəsatət təmin olunmayıb.
Daha 15 nəfərin məhkəməsi gedir
R.Vardanyanla yanaşı, hazırda Bakıda həbsdə olan Qarabağ separatçıları – "Dağlıq Qarabağ Respublikası"nın prezidenti olmuş Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, keçmiş "xarici işlər naziri" Davit Babayan, "parlament sədri" Davit İşxanyan və digərlərindən ibarət daha 15 nəfərin də məhkəməsi gedir. Onların da işinə eyni hakimlər kollegiyası baxır. Fərq yalnız ondadır ki, R.Vardanyan tək, onlarsa birlikdə mühakimə olunurlar.
A.Harutyunyan və digərlərinin işi üzrə yanvarın 27-də davam edən hazırlıq iclasında vəkillər təqsirləndirilən şəxslərə verilən ittihamlardan bir neçəsinə xitam verilməsi haqda vəsatət qaldırıblar. Müdafiəçilərin fikrincə, bir sıra ittihamın onlara aidiyyəti yoxdur.
Prokurorlar düşünürlər ki, məhkəmə prosesinin gedişində araşdırmalardan asılı olaraq, hansı ittihama xitam verilib-verilməməsi məsələsinə qərar verilə bilər. Bu üzdən, vəkillərin qaldırdığı vəsatətin təmin olunmamasını təklif ediblər.
Hakimlər də sözügedən vəsatəti rədd ediblər.
500 min nəfər zərərçəkmiş qismində tanınıb
Bu cinayət işi üzrə zərərçəkmiş qismində tanınan şəxslərin sayı yarım milyon nəfərdən çoxdur. Onlar Qarabağ müharibəsində həyatını itirənlərin hüquqi varisləri, xəsarət alanlar, məcburi köçkün olanlar və başqa şəxslərdən ibarətdir. Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov da Azərbaycan dövləti adından zərərçəkmiş qismində məhkəməyə qatılıb.
Harutyunyan və onunla mühakimə olunan daha 14 nəfərə 2 min 548 epizod üzrə terrorçuluq, soyqırımı, təcavüzkar müharibə başlama, işgəncə, qəsdən adam öldürmə də daxil, onlarla maddə ilə ittiham verilib. Bu maddələrdə 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.
R.Vardanyan işinə digər 15 nəfərlə eyni icraatda baxılmasını istəsə də, bu barədə vəsatəti təmin olunmayıb.
Xatırlatma
Ötən əsrin 90-cı illərinin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalar doğurmuş, Azərbaycanın Qarabağ bölgəsi və ətrafındakı 7 rayon işğal edilmişdi. Bakı 2020-ci ildə 44 günlük müharibə nəticəsində həmin 7 rayona, Qarabağınsa bir hissəsinə nəzarətini bərpa etmişdi.
Azərbaycan ötən il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirləri" elan etmiş, Yerevansa bunu "etnik təmizləmə" adlandırmışdı.
Qarabağdakı separatçı qurumun son rəhbəri Samvel Şahramanyan yeni ilədək bu qurumun fəaliyyətini dayandıracağını açıqlamış, ancaq Ermənistana getdikdən sonra bu qərarından vaz keçdiyini bildirmişdi. Qarabağdan Ermənistana əhali köçü də o vaxt baş vermişdi.
Hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb.