İranın xarici işlər naziri Abbas Əraqçi rusiyalı həmkarı Sergey Lavrov ilə görüşdən sonra Tehranın Vaşinqtonun təzyiqlərinə boyun əyməyəcəyini bəyan edib.
"Bu şəkildə maksimum təzyiq tətbiq olunduğu müddətdə ABŞ ilə birbaşa danışıqların aparılması mümkün deyil", - iranlı nazir fevralın 25-də mətbuat konfransında deyib.
Lavrov isə bildirib ki, İranın nüvə proqramı ilə bağlı məsələlərin həlli üçün hələ də diplomatik tədbirlər masadadır.
Lavrovun Tehrana birgünlük səfəri Moskva və Vaşinqton arasında üç ildən sonra keçirilən ilk yüksəksəviyyəli danışıqlardan bir həftə sonra baş tutub.
Analitiklər bildirir ki, Tehran görüşü Kreml üçün İranın əsas məsələlərdə, xüsusilə Vaşinqtonla münasibətlərə dair mövqeyinin Moskva ilə uzlaşdığını yoxlamaq imkanı ola bilər. Eyni zamanda, Lavrovun Səudiyyə Ərəbistanında aparılan danışıqlardan bir mesaj çatdırdığı da ehtimal edilir.
Mümkün yaxınlaşma İranda Moskvanın Vaşinqtonla münasibətləri bərpa etmək üçün müttəfiqi Tehranı tərk edə biləcəyi ilə bağlı narahatlıqları da artırıb. Digər tərəfdən, İranda bəziləri ümid edir ki, Moskva İran və ABŞ arasındakı gərginliyin həllində vasitəçi rolunu oynaya bilər.
"Onlar, adətən, bəzi diplomatları İrana göndərərək narahatlıqları müəyyən qədər yatırtmağa çalışırlar, çünki, bildiyiniz kimi, İranda uzun müddətdir Rusiyanın potensial olaraq İranı ABŞ-yə sata biləcəyi ilə bağlı narahatlıq mövcuddur",– Karneqi Fondunun tədqiqatçısı Nikol Qrayevski AzadlıqRadiosunun "Radio Fərda" xidmətinə bildirib.
"Böyük sövdələşmə"
"Comhuri Eslami" qəzeti fevralın 25-də dərc etdiyi yazıda Vaşinqton və Moskva arasında "böyük sövdələşmə" barədə xəbərdarlıq edib. Yazıda bildirilib ki, bu sövdələşmə Rusiyanın ABŞ-nin İrana qarşı hər hansı potensial hərbi əməliyyatına "göz yumması" ilə nəticələnə bilər
Fevralın əvvəlində Tramp Tehranın nüvə proqramı ilə silah istehsalına "çox yaxın" olduğunu söyləyərək İrana qarşı "maksimum təzyiq" kampaniyasını bərpa edib.
Tramp 2018-ci ildə, ilk səlahiyyət müddətində Birləşmiş Ştatları İranın nüvə proqramına dair beynəlxalq razılaşmadan (JCPOA) çıxarıb. Bundan sonra İran uranın zənginləşdirilməsini sürətləndirib və bu, ölkənin nüvə başlığı yaratmağa yaxın olması ilə bağlı narahatlıqları artırıb.
Tərəflər arasında dərin inamsızlığa baxmayaraq, Rusiya 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı müdaxiləyə başlayandan Tehran və Moskva daha da yaxınlaşıb, hərbi əməkdaşlığı genişləndirib.
"Bu səfərin məqsədi Tehrana təzyiq göstərmək və onun Moskva ilə eyni mövqedə olmasını təmin etməkdir", –Haaqa Tətbiqi Elmlər Universitetinin müəllimi Deymon Qolriz "Radio Fərda"ya bildirib.
Digər iranlı ekspertlər ABŞ-Rusiya arasında potensial yaxınlaşmanın Tehran üçün bir fürsət ola biləcəyini deyir.
Tehranda yaşayan analitik Əbdülrza Fərəcirad "Etemad" qəzetinə müsahibəsində bildirib ki, Lavrovun İrana səfəri Tehran və Vaşinqton arasında "çıxılmaz" vəziyyətin davam etdiyi, İran üçün böyük problemə çevrilən iqtisadi böhranın daha da dərinləşdiyi bir dövrə təsadüf edir.
"Əgər Rusiya Tehran və Vaşinqton arasında vasitəçi rolunu oynaya bilsə, bu, müsbət bir inkişaf kimi qiymətləndirilə bilər", –Fərəcirad vurğulayıb.