Keçid linkləri

2025, 04 Mart, çərşənbə axşamı, Bakı vaxtı 11:25

Bakı Yerevanın sülh təklifinə cavab verib, fikir ayrılıqları qalır


Nikol Paşinyan
Nikol Paşinyan

Ermənistan və Azərbaycan ikitərəfli sülh sazişi layihəsində iki maddə üzrə razılığa gələ bilmir. Bunu Ermənistan baş naziri Nikol Paşinyan fevralın 26-da - Bakının Yerevanın son göndərdiyi təkliflərə cavab verdikdən bir gün sonra bildirib.

"Sənəddəki iki məsələ ilə bağlı fikir ayrılığı hələ də qalır", –Paşinyan jurnalistlərə bildirib.

Ancaq Ermənistan hökumət başçısı Azərbaycan rəhbərliyinin təklifləri tamamilə rədd edib-etmədiyini dəqiq deməyib. O, yalnız bildirib ki, Ermənistan hökuməti hazırda Bakının cavabını "təhlil edir" və buna daha sonra reaksiya verəcək. Ermənistan Xarici İşlər Nazirliyi də Bakının cavabı ilə bağlı əlavə məlumat verməyib.

Artıq hər iki tərəf müzakirə edilən sazişin 17 maddəsindən 15-i üzrə razılığa gəldiklərini bəyan ediblər. Noyabrda Ermənistanın Bakıya göndərdiyi, ictimaiyyətə açıqlanmayan təklifləri qalan iki maddə ilə bağlıdır.

Azərbaycan tərəfi bildirir ki, bu maddələr iki Cənubi Qafqaz ölkəsinin bir-birinə qarşı beynəlxalq məhkəmə iddialarından imtina etməsini və Ermənistan-Azərbaycan sərhədində üçüncü tərəf müşahidəçilərinin və ya qoşunlarının yerləşdirilməsinin qadağan olunmasını ehtiva edir. Bakı xüsusilə Ermənistanın Azərbaycanla sərhəd bölgələrində yerləşdirilmiş Avropa İttifaqı müşahidəçilərinin çıxarılmasını tələb edir. Paşinyan dekabrda bu tələblərlə bağlı narahatlığını ifadə edib.

Azərbaycan parlamentinin sədr müavini Ziyafət Əsgərov isə ötən həftə deyib ki, razılaşdırılmayan mübahisəli məsələlər arasında Azərbaycanın Naxçıvan anklavına gedən quru dəhlizinin verilməsi tələbi də var. Onun erməni həmkarı Ruben Rubinyan isə bu iddianı təkzib edib.

Rəsmi Bakı Naxçıvana gedən və oradan gələn sərnişinlərin və yüklərin Ermənistanın sərhəd yoxlamalarından azad olmasını istəyir. Yerevan isə bu tələbləri indiyə qədər rədd edib. Belə tranzit üçün "sadələşdirilmiş prosedurlar" təklif edib.

Xatırlatma

Ötən əsrin 90-cı illərinin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalar doğurmuş, Azərbaycanın Qarabağ bölgəsi və ətrafındakı 7 rayon işğal edilmişdi.

2020-ci il 44 günlük müharibə və 2023-cü ilin sentyabrında Qarabağdakı hərbi əməliyyatlardan sonra Azərbaycan ərazi bütövlüyünü bərpa edib.

Tərəflər arasında 44 günlük müharibədən sonra həm Avropa İttifaqının və həm də Rusiyanın vasitəçiliyi ilə ayrılıqda aktiv sülh danışıqları aparılsa da, hələlik, yekun nəticə əldə etmək mümkün olmayıb. Bununla belə, həm Bakı, həm də Yerevan sülh sazişini imzalamaq niyyətində səmimi olduqlarını və artıq müqavilənin böyük hissəsinin razılaşdırıldığını deyirlər. Üstəlik, iki ölkə arasında son illər sərhəd məsələləri ilə bağlı birbaşa danışıqlar aparılır. Bu məsələdə də bir xeyli irəliləyiş əldə edildiyi vurğulanır.

XS
SM
MD
LG